Anım Günü milli yaddaşımızın və dövlətçilik iradəmizin təcəssümüdür
Bakı, 25 sentyabr, AZƏRTAC
27 Sentyabr - Anım Günü Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutan, şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi müqəddəs gündür. Bu tarix, eyni zamanda, Azərbaycan xalqının uzun illər ərzində pozulmuş hüquqlarının bərpası, ərazi bütövlüyümüzün təmin olunması və tarixi ədalətin bərqərar edilməsi yolunda keçdiyi mürəkkəb və şərəfli mübarizə yolunun başlanğıcını simvolizə edir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən mühüm hərbi-siyasi hadisələrindən biri kimi xalqımızın iradəsinin, dövlətimizin gücünün və Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinin nümayişinə çevrildi. 44 gün davam edən müharibə nəticəsində ərazilərimizin işğaldan azad olunması ilə yanaşı, beynəlxalq hüququn fundamental prinsiplərinin - dövlətlərin ərazi bütövlüyü və suverenliyinin bərpası istiqamətində mühüm nəticə əldə edildi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva söyləyib. Deputat bildirib ki, bu Zəfərin arxasında yalnız 44 günlük hərbi əməliyyatlar deyil, onilliklər ərzində davam edən mürəkkəb tarixi və siyasi proses dayanırdı. Azərbaycan torpaqlarının işğalı ilə nəticələnmiş Birinci Qarabağ müharibəsi, yüz minlərlə soydaşımızın doğma yurdlarından didərgin salınması, yaşayış məntəqələrinin dağıdılması və dinc əhaliyə qarşı törədilən ağır cinayətlər xalqımızın yaddaşında dərin iz buraxıb. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin mühüm hissəsi uzun illər işğal altında saxlanılıb. Beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş sənədlər də Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyirdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələb edilirdi. Lakin uzun illər ərzində bu qətnamələrin icrasının təmin olunmaması münaqişənin həllini uzatdı və regionda davamlı sülhün formalaşmasına imkan vermədi. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların uzun illər davam etməsinə baxmayaraq, real nəticə əldə olunmadı. Nəticədə işğal faktı aradan qaldırılmadı, yüz minlərlə məcburi köçkünün öz doğma yurdlarına qayıtmaq hüququ təmin edilmədi. Azərbaycan xalqının səbir və dözümü də sonsuz deyildi. 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən hadisələr Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Ermənistanın hərbi-siyasi rəhbərliyinin təxribatçı addımları və yeni ərazilərin işğalı ilə bağlı səsləndirdiyi iddialar isə vəziyyəti daha da gərginləşdirirdi.
“Vətən müharibəsi Azərbaycan tarixində mühüm dönüş nöqtəsi oldu. 44 günlük müharibədə Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Hadrut qəsəbəsi, strateji yüksəkliklər və ən əsası, Şuşa şəhəri azad edildi. Şuşanın azad olunması müharibənin hərbi-siyasi baxımdan həlledici məqamlarından biri oldu. Bu Qələbənin əsasını Azərbaycan əsgərinin və zabitinin qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı, qazilərimizin şücaəti və xalqımızın həmrəyliyi təşkil etdi.
27 Sentyabr - Anım Günü yalnız keçmişi xatırlamaq deyil, həm də şəhidlərimizin qarşısında dövlət və cəmiyyət olaraq daşıdığımız mənəvi məsuliyyətin ifadəsidir. Bu gün Birinci və İkinci Qarabağ müharibələrində, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirmiş bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edirik. Hər il sentyabrın 27-də saat 12:00-da bir dəqiqəlik sükutla onların əziz xatirəsinin yad edilməsi də bu ehtiramın ifadəsidir. Azərbaycan dövləti şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə yanaşı, şəhid ailələrinin və qazilərin sosial müdafiəsini də prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Şəhid ailələrinin sosial təminatı, qazilərin müalicəsi, reabilitasiyası, müasir protezlərlə təminatı və onların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər dövlətin öz qəhrəmanlarına münasibətinin mühüm göstəricisidir. “YAŞAT” Fondu da bu istiqamətdə mühüm təşəbbüslərdən biridir. Fond şəhid ailələrinə və müharibə nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə dəstək göstərilməsi, onların müxtəlif ehtiyaclarının qarşılanması istiqamətində fəaliyyət göstərir.
Şəhidlərimizin xatirəsinin yaşadılması həm də onların keçdiyi yolu gələcək nəsillərə çatdırmaq deməkdir.
Bakıda yaradılmış Hərbi Qənimətlər Parkı, Zəfər Parkı və Zəfər Muzeyi bu baxımdan mühüm yaddaş məkanlarıdır. Bu məkanlar Vətən müharibəsinin tarixini, xalqımızın həmrəyliyini və Ordumuzun Zəfərini gələcək nəsillərə çatdırır. 2020-ci ilin Zəfəri ilə 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda dövlət suverenliyini tam bərpa etməsi eyni tarixi prosesin ardıcıl mərhələləridir. Bu baxımdan 27 Sentyabr – Anım Günü həm də milli yaddaşımızla dövlətçilik iradəmizin qovuşduğu tarixdir. Bu gün azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı da şəhidlərimizin uğrunda canlarını fəda etdikləri torpaqlarda həyatın yenidən qurulmasının göstəricisidir.
Şəhidlərimizin bizə qoyduğu ən böyük miras yalnız Zəfər deyil. Bu miras milli birlik, müstəqil dövlətçilik, ərazi bütövlüyü, suverenlik və Vətənə sədaqət dəyərləridir. Onların fədakarlığı Azərbaycan dövlətinin tarixində əbədi yaşayacaq”,- deyə Mehriban Vəliyeva fikrini yekunlaşdırıb.