İQTİSADİYYAT
“Apple” Azərbaycanda yay vaxtına keçidin ləğv olunmasını nəzərə alıb
Bakı, 19 may, AZƏRTAC
"Apple" şirkəti "iOS" mobil əməliyyat sisteminin yekun versiyasını (9.3.2) nəzərdə tutulmuş müddətdən əvvəl yeniləyib. Yeniləmə paketi səhvlərin düzəlişi və şirkətə məxsus mobil qurğuların işinin təkmilləşdirilməsi üçün nəzərdə tutulub.
Məlum olduğu kimi, Azərbaycan Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli müvafiq qərarına əsasən, cari il martın 27-də ölkə ərazisində yay vaxtına keçidin ləğv olunması ilə əlaqədar "Apple" şirkətinə məxsus "iOS" mobil əməliyyat sistemi ilə işləyən qurğularda uyğunsuzluqlar əmələ gəlmişdi.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirliyin "Apple" şirkətinə rəsmi müraciətindən sonra, şirkət əməliyyat sisteminin son yeniləməsində bu uyğunsuzluğu aradan qaldırıb. Belə ki, "iOS" əməliyyat sistemi ilə işləyən qurğularda Azərbaycan üzrə real vaxt rejiminə keçidin avtomatik təyin olunması üçün mobil əməliyyat sisteminin yekun versiyasını (9.3.2) yüklənməzdən əvvəl mobil qurğuda "Tarix və vaxt" tənzimlənməsi avtomatik rejimə keçirilməlidir. Ümumiyyətlə, 1.6 QB tutumunda olan "iOS 9.3.2" yeniləməsi az sayda dəyişiklikdən ibarətdir. Buraya aşkarlanmış səhvlərin aradan qaldırılması, "iPhone", "iPad", "iPod touch" qurğularının sabit işləməsinin təmini və təhlükəsizliyin gücləndirilməsi daxildir. Şirkət "iPhone SE" qurğusu ilə birləşdirilən "Bluetooth" aksessuarların bəzisində səsin keyfiyyətində nasazlıqla bağlı səhvi aradan qaldırıb.
"iPhone", "iPad", həmçinin "iPod touch" qurğularının sahibləri "iOS 9.3.2" yeniləməsini yükləyə və quraşdıra bilərlər. Bu qurğuların istifadəçiləri "Ayarlar" (Настройки) ->"Əsas" (Основные) -> "ƏS yeniləmə" (Обновление ПО)-> menyusuna daxil olaraq yeniləməni yükləyə bilərlər.