Aprel döyüşləri böyük zəfərin başlanğıcıdır
Masallı, 3 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 3-də Masallı şəhərindəki Gənclər Mərkəzində Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş “Aprel döyüşlərinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, bu döyüşləri əks etdirən videoçarxa baxıblar.
“Dəyirmi masa”da çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirib ki, 2016-cı il tariximizə həm də Azərbaycan Ordusunun uzun illərdən sonra düşmən üzərində qazandığı qələbə ili kimi daxil olub. Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan əsgəri aprelin əvvəllərində əks-hücum əməliyyatı ilə düşmənə layiqli cavab verib, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altında olan 2000 hektardan çox ərazisi azad edilib, minlərlə hektar torpaq Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini dünyaya nümayiş etdirdi.
Diqqətə çatdırılıb ki, bu qələbəyə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, sərkərdə məharəti, onun daimi diqqət və qayğısı ilə əhatə olunan Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığı, xalqımızın ordu ilə monolit birliyi nəticəsində nail olundu.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxış edərək bildirib ki, Tarixə “Dördgünlük müharibə” adı ilə düşən Aprel döyüşləri gənclərin hərbi-vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı.
Ehtiyatda olan zabit Cəmaləddin Məmmədov çıxışında qeyd edib ki, bu gün əli silah tutan hər kəs Vətən uğrunda döyüşməyə hazırdır. Son döyüşlər bir daha göstərdi ki, ordumuzun potensialı böyükdür. Bu uğurlu döyüşlər Silahlı Qüvvələrimizin gələcəkdə qazanacağı qələbələrin yalnız başlanğıcıdır.