ELM VƏ TƏHSİL
APRELİN 15-DƏ NÖVBƏTİ SINAQ İMTAHANLARI KEÇİRİLƏCƏK
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 15-də Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Əli Bayramlı, Goranboy, Xanlar, Qazax, Salyan şəhərlərində növbəti (3 №-li sual kitabçası) sınaq imtahanları keçirəcəkdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, Bakı şəhərində keçirilən sınaq imtahanlarına abituriyentlər “PRETEST” ödəmə kartları ilə internet vasitəsilə, eyni zamanda, qurumun təşkil etdiyi qeydiyyat məntəqələrindən yazıla bilərlər.
Sınaq imtahanına internet vasitəsilə yazılmaq üçün abituriyentlər (ixtisas qrupundan və bölməsindən asılı olmayaraq) TQDK-nın binasından ödəmə kartı almalıdırlar. Abituriyentlər “PRETEST” kartı ilə istənilən internet mərkəzində və yaxud ev şəraitində internetlə qeydiyyatdan keçərək, printer vasitəsilə imtahana “buraxılış vərəqəsi”ni çap etməlidir.
Sınaq imtahanlarının hər həftənin bazar günü keçirildiyini nəzərə alsaq, “PRETEST” kartları ilə abituriyentlər nəinki cari, hətta daha sonrakı həftələrdə keçiriləcək imtahana yazıla bilərlər. Bu kartlar abituriyentlərə imtahan vermək istədiyi binanı və onun üçün əlverişli olan vaxtı seçməyə də imkan verir. Bu kartların başqa bir üstünlüyü də ondadır ki, abituriyentlər sınaq imtahanına internet vasitəsilə yazılmaqla qəbul imtahanlarına hazırlıq mərhələsində onlar üçün olduqca zəruri olan vaxta qənaət etmiş olurlar.
Rayonlarda yaşayan və Bakı şəhərində keçirilən sınaq imtahanlarında iştirak etmək arzusunda olan abituriyentlər də “PRETEST” kartlarından istifadə edə bilərlər. Onlar da internet vasitəsilə imtahana “buraxılış vərəqəsi” əldə edərək, əvvəlcədən Bakıya gəlmək, yaxud qohumlarından onları qeydiyyata yazdırmaq əziyyətindən qurtarmış olurlar.
TQDK tərəfindən sınaq imtahanlarına adi qaydada yazılmaq istəyənlər üçün də yazılış məntəqələri yaradılmışdır. Həmin məntəqələr aşağıda adları qeyd edilən təhsil müəssisələrində fəaliyyət göstərirlər: “Azərbaycan” Universiteti, Bakının Xətai rayonunun 138, Nizami rayonunun 62 nömrəli məktəbləri, Azərbaycan Beynəlxalq Universiteti, 7-ci korpus və Bakı Avrasiya Universiteti.