Aqrar sahədə davamlı inkişafa nail olmaq üçün elmi əsaslara söykənən strategiya formalaşmalıdır
Bakı, 30 yanvar, AZƏRTAC
Aqrar sahənin inkişafı aqrar elmlə bağlıdır. 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası ilə Kənd Təsərrüfatı Nazirliyi arasında birgə fəaliyyətə dair niyyət sazişi imzalanıb. Müqaviləyə əsasən aidiyyəti məsələlər üzrə fəaliyyətin planlaşdırılması, aqrar elmin təşkili və birgə multidissiplinar elmi-tədqiqat işlərinin aparılması, təlim-tədris və innovasiyaların tətbiqi istiqamətində texnologiya transferi, layihə və proqramların həyata keçirilməsi, yerli və beynəlxalq qrant müsabiqələrinin təşkili və s. məsələlər nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində akademiyanın əməkdaşları ilə keçirilən görüşdə Kənd Təsərrüfatı naziri İnam Kərimov söyləyib. O qeyd edib ki, hazırda müqaviləyə əsasən Kənd Təsərrüfatı Nazirliyi AMEA-nın bir sıra institut və elmi-tədqiqat mərkəzləri ilə sıx əməkdaşlıq edir, birgə layihələr həyata keçirir.
Aqrar sahədə davamlı inkişafa nail olmaq üçün elmi əsaslara söykənən strategiyanın formalaşmasına zərurət olduğunu söyləyən nazir kənd təsərrüfatının, aqrar sahənin inkişafında AMEA ilə əlaqələrin daha da genişləndirilməsinin və möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.
İnam Kərimov kənd təsərrüfatı sahəsində ölkəmizdə görülmüş işlər, mühüm nailiyyətlər və qarşıdakı hədəflər barədə məlumat verib. Həmçinin hazırda kənd təsərrüfatı sahəsində tətbiq olunan yeni və müasir texnologiyalardan söz açıb. O, dövlət başçısı tərəfindən aqrar sahənin inkişafında aparılan məqsədyönlü islahatlar nəticəsində mühüm nəticələrə nail olunduğunu söyləyib.