AQRAR SAHƏNİN İNKİŞAFINDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN MİSİLSİZ XİDMƏTLƏRİNİ ƏKS ETDİRƏN KİTAB
AZƏRTAC xəbər verir ki, akademik Qərib Məmmədovun xalqımızın ümummilli liderinin 85 illik yubileyinə ithaf olunmuş “Heydər Əliyev. Torpaq islahatları regionların sosial-iqtisadi inkişafının əsasıdır” kitabı çapdan çıxmışdır.
Nəşrə ulu öndər Heydər Əliyevin “Biz torpaq islahatının aparılmasında radikal tədbirlərə əl atmışıq. Deməliyəm ki, nəticə idealdır. Özü də bu, hələlik başlanğıcdır”, Prezident İlham Əliyevin “Azərbaycan təkcə Bakıdan və Abşerondan ibarət deyil. Azərbaycanın hər bir regionu inkişaf etməlidir... Kənd təsərrüfatında aparılan islahatların ikinci mərhələsi başlanmışdır” sözləri epiqraf seçilmişdir.
Kitabda Azərbaycanda kənd təsərrüfatının inkişafı, son illər aqrar sahədə həyata keçirilən islahatlar, xüsusilə onun mühüm tərkib hissəsi olan torpaq islahatlarının aparılması, bu sahədə əldə olunan uğurlar və bütün bu işlərdə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin əvəzedilməz xidmətləri öz əksini tapmışdır. Müəllif həm 1969-1982-ci illərdə, həm də 1993-2003-cü illərdə imzalanmış çoxsaylı fərman, sərəncam və digər hüquqi aktları tədqiqata cəlb etməklə, ulu öndərin yaratdığı hüquqi baza əsasında sosial ədalət prinsiplərinə söykənən aqrar münasibətlərin formalaşdırıldığını ön plana çəkmişdir. Akademik, eyni zamanda, Prezident İlham Əliyevin 2003-cü ildən bu günədək davam etdirdiyi, mahiyyət və məzmun baxımından heç də torpaq islahatlarından az əhəmiyyətli olmayan “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” çərçivəsində torpaq-əkinçi münasibətlərində yeni tarixi eranın başlandığını və aqrar sektorun daha da inkişaf etdirildiyini vurğulayır.
Kitab üç hissədən ibarətdir. Birinci hissədə 1969-1982-ci illərdə ulu öndər Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının dirçəldilməsi, inkişaf etdirilməsi istiqamətində gördüyü işlər və bu müddətdə həyata keçirilən tədbirlər nəticəsində sahənin yüksələn xətlə inkişaf etməsi, baş verən kəmiyyət və keyfiyyət dəyişikliklərindən söhbət açılır.
İkinci hissədə 1993-2003-cü illərdə ulu öndərin hakimiyyətə qayıdışından sonra onun bilavasitə rəhbərliyi altında respublikada aparılan aqrar islahatlar, xüsusilə torpaq islahatları, əldə olunan nailiyyətlər, nəticələr işıqlandırılmışdır.
Üçüncü hissədə 2003-cü ildən sonra Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin regionların inkişafı üçün gördüyü böyük işlər, bunun nəticəsində torpaq islahatlarının daha səmərəli hala gətirilməsi, bu islahatların daha da dərinləşməsi və inkişaf etməsinə səbəb olmasından bəhs edilir.
Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin regionlara səfərlərini, müxtəlif sosial-iqtisadi obyektlərin, o cümlədən fabrik və zavodların, emal müəssisələrinin açılışına həsr olunmuş mərasimlərdə iştiraklarını əks etdirən fotoşəkillərlə zəngin kitabda müəllifin dəlil və sübutları diaqramlarla, cədvəllərlə müşayiət olunur.
Kitab ölkəmizin aqrar inkişaf tarixi ilə maraqlananlar, bu sahədə xüsusi tədqiqat aparmaq istəyən mütəxəssislər və elm xadimləri, o cümlədən ulu öndər Heydər Əliyevin aqrar siyasəti və onun bugünkü nəticələri ilə tanış olmaq istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Nəşrin sonunda istifadə olunmuş ədəbiyyatın siyahısı, kitabın ingilis və rus dillərində qısa ümumiləşdirilməsi verilmişdir.
Oxucular videosüjetlər yazılmış CD-dən ölkəmizdə aparılan aqrar islahatlarda ulu öndərin və Prezident İlham Əliyevin fəaliyyəti ilə tanış ola biləcəklər.
Kitabın redaktoru siyasi elmlər namizədi Hikmət Məmmədovdur.
######
