AQRAR SAHƏYƏ DÖVLƏT QAYĞISI FERMERLƏRİ YÜKSƏK MƏHSUL İSTEHSALINA RUHLANDIRIR
AZƏRTAC xəbər verir ki, Kürdəmirdə “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” 2008-ci il 21 avqust tarixli Prezident Sərəncamından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.
Əkinçilik və heyvandarlıqla məşğul olan fermerlər, dövlət və özəl toxumçuluq təsərrüfatlarının rəhbərləri, aqrar bölmədə çalışan sahibkarlar, eləcə də əlaqədar təşkilatların nümayəndələrinin iştirak etdiyi müşavirədə ətraflı müzakirələr aparılmışdır.
Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Əşrəf Şükürovun məruzəsində və çıxışlarda bildirilmişdir ki, dövlət aqrar siyasəti ölkəmizdə bu sahənin dinamik inkişafını təmin etmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası regionlarda aqrar bölmənin inkişafına, müvafiq infrastrukturun yaradılmasına böyük təkan vermişdir. Dövlət tərəfindən aqrar sahədə çalışanlara yardımlar verilməsi məhsul istehsalının artımına səbəb olmuşdur.
Cari ildə rayonda 60,2 min ton taxıl, 22,7 min ton tərəvəz, 19,3 min ton meyvə istehsal edilmişdir. Qaramalın sayı 58 min 500 başa, davarların sayı 121 min başa, quşların sayı 2 milyon başa çatmışdır. 600 hektar sahədə üzüm plantasiyaları, 5 min hektardan çox sahədə isə nar bağları salınmışdır.
Rayonda 4 özəl toxumçuluq təsərrüfatı, 4 kənddə süni mayalandırma məntəqəsi yaradılmışdır.
Müşavirə iştirakçıları Prezidentin son Sərəncamının respublikada, o cümlədən Kürdəmirdə əkinçilik və heyvandarlıq məhsullarının istehsalının artırılmasına, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə güclü təkan verəcəyini bildirmişlər.