Aqrar Xidmətlər Agentliyinin sədri Yevlaxda vətəndaşlarla görüşüb
Bakı, 13 dekabr, AZƏRTAC
Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev dekabrın 13-də Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Yevlax, Kəlbəcər, Füzuli və Bərdə rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, arı xəstəliklərinə qarşı mübarizə tədbirləri, arıçılıq təsərrüfatlarının sığortalanması, toxumçuluq fəaliyyətinə dair şəhadətnamənin vaxtının uzadılması və digər məsələlərlə bağlı olub. AXA sədri Sərdar Hacıyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi üzrə müvafiq izahatlar verilib, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Sərdar Hacıyev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.