AQTA-nın nümayəndəsi Afinada keçirilən beynəlxalq tədbirdə iştirak edib
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Zəkiyyə Mustafayeva Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının təşkilatçılığı ilə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən “Avropa Regionunda Baytarlıq Xidmətlərində Vahid Sağlamlıq Birgə Fəaliyyət Planının tətbiqinin sürətləndirilməsi” mövzusunda regional tədbirdə iştirak edib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Z. Mustafayeva region ölkələrinin nümayəndələri ilə birlikdə qida təhlükəsizliyi və zoonoz xəstəliklərə qarşı mübarizədə rəqəmsal həllərin tətbiqi, eləcə də ölkələrin qabaqcıl təcrübələrinin mübadiləsi ilə bağlı müzakirələrə qoşulub. Qida zəncirində risklərin idarəolunması üzrə keçirilən qrup çalışmalarına qatılıb. Tədbirin son günü qlobal təhlükə kimi diqqət mərkəzində olan “Antimikrob Rezistentlik” mövzusunda və bu sahədə “Vahid Sağlamlıq” yanaşmasının tətbiqi ilə bağlı çıxış edib.
Noyabrın 18-20-ni əhatə edən tədbirdə Avropa Komissiyası, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Dünya Bankı və Avropa ölkələrinin baytarlıq nəzarəti qurumlarının rəhbər nümayəndələri iştirak ediblər.
Seminarda “Vahid Sağlamlıq” yanaşması siyasətinin gündəliyi və dördtərəfli fəaliyyətlər, baytarlıq sahəsində kadr potensialının gücləndirilməsi və təhsil proqramlarının akkreditasiyası müzakirə olunub. Həmçinin zoonoz və vektorlarla keçən xəstəliklərin, o cümlədən Qərbi Nil qızdırması və yüksək patogen quş qripi kimi təhlükələrin izlənilməsi, qida zəncirində risklərin xəritələnməsi və qida mənşəli zoonoz xəstəliklərə qarşı mübarizədən danışılıb.
Qeyd edək ki, bu kimi beynəlxalq platformalarda iştirak Azərbaycanın baytarlıq və qida təhlükəsizliyi sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və regional əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.