AQTA təsərrüfat subyektlərini fitosanitar tələblərə ciddi əməl etməyə çağırır
Bakı, 31 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Padar kəndində Şahin Şahid oğlu Həbibullayevə məxsus meyvə bağında fitosanitar monitorinq aparılıb.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, monitorinq zamanı şaftalı bitkisindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində karantin tətbiq edilən zərərli orqanizm – gavalının cibcibə virusu (Şarka virusu) aşkarlanıb.
Zərərli orqanizmin yayılmasının qarşısının alınması və fitosanitar sabitliyin qorunması məqsədilə təsərrüfatda müvafiq fitosanitar tədbirlər həyata keçirilib.
Eyni zamanda, təsərrüfat sahibinə bağda mütəmadi monitorinqlərin həyata keçirilməsi, aqrotexniki qulluq qaydalarına riayət olunması və gələcək əkinlərdə yalnız sağlam, sertifikatlaşdırılmış əkin materialından istifadə edilməsinin vacibliyi barədə ətraflı məlumat verilib.
“AQTA təsərrüfat subyektlərini fitosanitar müşahidələri mütəmadi davam etdirməyə, mövcud fitosanitar tələblərə ciddi əməl etməyə, bitkilərdə virusa xas əlamətlər müşahidə edildikdə isə dərhal agentliyin aidiyyəti regional bölmələrinə məlumat verməyə çağırır. Erkən aşkarlanma və vaxtında həyata keçirilən fitosanitar tədbirlər zərərli orqanizmlərin yayılmasının qarşısının alınmasında və məhsuldarlığın qorunmasında mühüm əhəmiyyət daşıyır”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, bu kimi bitki virusları və zərərvericilər insan sağlamlığı üçün təhlükə yaratmır, lakin kənd təsərrüfatına və iqtisadiyyata zərər vura bilər.