AQTİ ictimai iaşə sahəsində çalışan mütəxəssisləri nəzəri-praktiki təlimə dəvət edir
Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi sahəsində elmi bazanın təkmilləşdirilməsi, mövcud kadr potensialının gücləndirilməsi, eləcə də bu sahədə fəaliyyət göstərən mütəxəssislər üçün təlimlər təşkil etməklə silsilə tədbirlərini davam etdirir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, növbəti təlim dekabrın 10-da "Süfrə Təlim Mərkəzi"ndə (Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 115) nəzəri və praktiki hissələrdən ibarət olmaqla "İctimai iaşə müəssisələrində ilkin şərtlər proqramları və minimum sanitar-gigiyenik normaların qorunmasına nəzarət" mövzusunda keçiriləcək.
Təlim çərçivəsində gündəlik qida istehsalı sahələrində ümumi gigiyena qaydalarının yaxşılaşdırılması, anbar və xammal tədarükü sahələrində düzgün mal qəbulu standartlarının tətbiqi, "FIFO" prinsipi mexanizminə əsaslanaraq ərzaq dövriyyəsində izlənəbilərliliyinin gücləndirilməsi, istehsal və xidmət mərhələsində risk meydana gətirə biləcək səbəblərin aradan qaldırlması, dövri olaraq zərərvericilərin neqativ fəaliyyətinə dair monitorinqin aparılması, binaların, o cümlədən iş sahəsinin və işçilərin obyektlərinin planlaşdırılması və s. haqqında ətraflı məlumat veriləcək.
Təlimdə ictimai iaşə sahəsində çalışan mütəxəssislər, eləcə də istehsalın istənilən mərhələsində məhsulun keyfiyyət və təhlükəsizliyinə cəlb olunan işçilər, keyfiyyətə nəzarət struktur bölməsində çalışan əməkdaşlar, həmçinin qida təhlükəsizliyinə dair biliklərə yiyələnmək istəyən şəxslər iştirak edə bilərlər. İştirak etmək üçün qeydiyyatdan keçmək istəyənlər ad, soyad, təmsil etdikləri qurum, vəzifə və əlaqə nömrəsini [email protected] elektron ünvanına göndərə bilər, ətraflı məlumat almaq üçün (012) 565 12 82 (daxili 553), (050) 401 11 12 nömrəsinə zəng etmək olar.