REGİONLAR
AQUPDK sədri İsmayıllıda vətəndaşları qəbul edib
İsmayıllı, 26 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbul cədvəlinə müvafiq olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iyulun 26-da İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində İsmayıllı və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Hicran Hüseynova və rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Qəbul zamanı hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib. Müraciətlər əsasən reabilitasiya mərkəzinin açılması, boşanma və aliment məsələləri, qəyyumluq və sair məsələlərlə bağlı olub.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılması zəruri olan bir sıra müraciətlər isə qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər qeydiyyata alınıb və həlli üçün aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Vətəndaşlar yaradılan şəraitdən razılıq edib, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə bu cür qəbulların keçirilməsinin təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra Heydər Əliyev Mərkəzinin konfrans zalında rayonun bir qrup fəal qadını ilə görüş keçirilib, dövlət-qadın siyasətinin həyata keçirilməsinin müxtəlif aspektlərindən danışılıb.