Araz İbrahimov: Böyrək transplantasiyası olunanlar əməliyyatdan 6 ay sonra peyvənd vurdura bilərlər
Bakı, 12 avqust, AZƏRTAC
Ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar olaraq müvafiq məhdudiyyətlərin tətbiq olunması vətəndaşların və dövlətin iqtisadi vəziyyətinə mənfi təsir göstərir. Ona görə də koronavirus əleyhinə vaksin vurduraraq epidemioloji vəziyyətin yaxşılaşmasına dəstək olmaq lazımdır. Virusdan qorunmağın yeganə yolu peyvənd vurdurmaq və kütləvi toplaşmalarda tibbi maskadan istifadə etməkdir.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssisi, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimovun dediyinə görə, peyvənd koronavirusa yoluxmaqdan qorumasa da, xəstəliyi yüngül keçirməyə səbəb olur: “COVID-19-un “delta” ştamı hazırda geniş yayılıb. Hətta “yota” variantı barədə də fikirlər səsləndirilir. Yəni, virusun mutasiya nəticəsində müxtəlif variantlarının yarandığını da nəzərə alaraq vaksin vurdurmaq mütləqdir. Çünki yalnız bu halda əhali arasında koronavirusa qarşı kütləvi immunitet formalaşar. Unutmaq olmaz ki, COVID-ə yoluxan hər dörd xəstədən birində ciddi böyrək, ürək və qaraciyər problemi yaranır. Virusdan qorunmaq üçün qaydalara riayət etmək vacibdir”.
A.İbrahimov qeyd edib ki, vaksin vurduranlar koronavirusa yoluxsalar da, xəstəliyi çox yüngül keçirirlər: “Vaksinasiyadan sonra qolda ağrılar və şişkinlik ola bilər, müəyyən allergik reaksiyalar və bədən temperaturunun yüksəlməsi də normaldır. Həmin əlamətlər bütün vaksinlərdən sonra görünə bilər. Ona görə də vaksinasiyadan qorxmağa heç bir əsas yoxdur”.
Həkim-mütəxəssis, həmçinin uroloji xəstəliklərdən əziyyət çəkənlərin koronavirus əleyhinə vaksinasiyası məsələsinə də aydınlıq gətirib: “Uroloji xəstəliklərin kəskin dövründə vaksinasiya məsləhət deyil, lakin müalicə müddəti bitdikdən sonra xəstəyə peyvənd vurula bilər. Bundan başqa, qan xəstəliklərindən əziyyət çəkənlərə də vaksinasiya tövsiyə edilmir. Digər uroloji xəstələrin peyvənd olunması isə əksinə daha xeyirlidir. Onu da qeyd edim ki, böyrək transplantasiyası olunanlar əməliyyatdan 6 ay sonra peyvənd vurdura bilərlər”.