Arterial hipertoniya ilə bağlı maarifləndirici aksiya keçirilib
Bakı, 18 may, AZƏRTAC
İctimai Televiziya (İTV) və Radio Yayımları Şirkətində maarifləndirici aksiya keçirilib. Aksiya Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü və qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə ölkəmizdə keçirilən maarifləndirici kampaniya çərçivəsində təşkil olunub.
AZƏRTAC İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, iştirakçılar qeyri-infeksion xəstəliklər barədə məlumatlandırılıb. Aksiyada bu xəstəlikləri yaradan əsas səbəblərin zərərli vərdişlər, tütünçəkmə, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma və fiziki passivlik olduğu deyilib. İştirakçılara sağlamlığın qorunması istiqamətində tövsiyələr verilib, eyni zamanda maarifləndirici materiallar paylanılıb.