ELM VƏ TƏHSİL
Arxeoloq alimlər Şuşada keçirilən beynəlxalq tədbirdə iştirak ediblər
Bakı, 24 noyabr, AZƏRTAC
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bir qrup əməkdaşı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan “Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği” layihəsi çərçivəsində keçirilən “Tarixi yerlər və abidələr: IV beynəlxalq Şuşa simpoziumu”nda iştirak ediblər. Layihə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən icra olunur.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Simpoziumda institutun baş direktoru professor Abbas Seyidov, tarix elmləri doktoru Vəfa Mahmudova, tarix üzrə fəlsəfə doktorları Pirağa İsmayılzadə, Pərvin Ahənçi, Leyla Rüstəmova və Yaqub Məmmədov məruzələrlə çıxış ediblər.
Tədbir çərçivəsində Şuşaya səfər edən alimlər Bülbülün ev-muzeyini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Cıdır düzünü, Şuşanın möhtəşəm qala divarlarını, Natəvan bulağını, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini və digər tarixi abidələri ziyarət ediblər.