ARXEOLOQLAR AĞSUDA QƏDİM ŞƏHƏRİN QALIQLARINI TAPMIŞLAR
İnstitutdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 9 hektara yaxın ərazisi olan bu şəhəri hündürlüyü 15-16 metrə çatan möhtəşəm qala divarı əhatələyib. Tədqiqat zamanı şəhərin qala divarlarının bir neçə qatdan ibarət olduğu və tərkibində saman qarışığı olan çiy kərpicdən pilləvarı üslubda tikildiyi müəyyənləşdirilib. Arxeoloq Qafar Cəbiyevin rəhbərliyi ilə aparılan ilkin kəşfiyyat axtarışları zamanı burada qalınlığı 1,4 metrə çatan və erkən orta əsr şəhərləri üçün səciyyəvi olan zəngin mədəni təbəqə aşkara çıxarılmışdır. Təəssüf ki, uzun illər pambıq, taxıl, üzüm əkini üçün ərazinin dəfələrlə şumlanması nəticəsində mədəni təbəqənin 0,5-0,6 metr qalınlıqda üst qatı bütünlüklə dağıdılmış və bu zaman üzə çıxan bir çox nadir tarixi əşyalar əldən-ələ düşərək itib-batmışdır. Kəşfiyyat axtarışları zamanı yer səthindən 0,5-1,4 metr dərinlikdə küçə, ev, ocaq, kürə, təndir və sair istehsal təyinatlı obyektlərin qalıqları, habelə çoxsaylı digər maddi mədəniyyət nümunələri - müxtəlif çeşidli minasız keramika, istehsalat tullantıları metal və şüşə əşyalar üzə çıxmışdır. Qalıqlar tikintinin, əsasən, çay daşı, çiy kərpic, qismən də bişmiş kərpiclə aparıldığını sübut edir. Tapıntılar arasında dövrün mühüm dini-ictimai binaları üçün səciyyəvi olan bir ədəd daş sütun altlığı da vardır. Tədqiqatçılar belə düşünürlər ki, bu yer Mehranilərin Albaniyaya gəlişi zamanı əsası qoyulan Mehrəvan şəhərinə uyğun gəlir. Coğrafi koordinatlar da bunu sübut edir. Azərbaycan ərazisi Xilafət ordusu tərəfindən tutulduqdan sonra tarixi mənbələrdə bu şəhərin adı çəkilmir. Bu ehtimal orta əsr tarixçisi Musa Kalankatuklunun Mehrəvan şəhərinin salınmasına dair qeydlərinə də uyğundur. Onun yazdığına görə, Mehranilər sülaləsinin banisi Mehran sasani hökmdarı II Xosrovun intiqamından qorxaraq özünə sadiq olan 30 min ailə ilə birlikdə şimala doğru qaçıb xəzərlərlə birləşmək qərarına gəlir. Lakin şah əyanların təklifi ilə məktub göndərib onu bu fikrindən daşındırır. Beləliklə, Mehran Girdiman vilayətində qalaraq burada Mehrəvan adlı şəhərin əsasını qoyur. Tarixçinin təsvirinə görə, bu yer “dərə-təpəli”, “mülayim iqlimi olan” bir ərazi imiş.
İnstitutun elmi şurası yeni aşkar edilən şəhər yerinin tariximizin bir sıra məsələlərinin araşdırılması sahəsindəki əhəmiyyətini nəzərə alaraq orada arxeloji tədqiqatları davam etdirməyi qərara almışdır.