“ASAN xidmət”in innovativ həlləri “InnoWeek 2023”ün diqqət mərkəzində
Bakı, 18 oktyabr, AZƏRTAC
“ASAN xidmət”in innovativ həlləri Özbəkistanda keçirilən “InnoWeek 2023”ün diqqət mərkəzində olub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, agentliyin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində səfərdədir. Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin dəvəti əsasında həyata keçirilən səfərin məqsədi “InnoWeek 2023” tədbirində iştirak və ikitərəfli görüşlərin keçirilməsidir. Foruma 20-yə yaxın ölkədən və beynəlxalq təşkilatdan 8 minə yaxın ziyarətçi qatılıb.
Açılış mərasimində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”lə, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşının dayandığını, “ASAN xidmət” mərkəzlərinin yaradılmasının bu istiqamətdə həyata keçirilən mühüm islahatlardan biri olduğunu vurğulayıb.
Açılış sessiyasında Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar naziri və digər rəsmilər də çıxış ediblər.
Səfər zamanı Dövlət Agentliyinin nümayəndə heyəti Özbəkistanın müvafiq nazirliyinin tabeliyində olan “INNO” Texnoparkın fəaliyyəti ilə tanış olub. Görüşdə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” ilə “INNO” Texnopark arasında imzalanmış inkubasiya və akselerasiya sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun icrası çərçivəsində həyata keçirilmiş işlər və planlaşdırılan layihələr barədə müzakirələr aparılıb.
Eyni zamanda, səfər proqramı çərçivəsində Dövlət Agentliyinin sədri ilə Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar naziri arasında görüş olub. Aparılan müzakirələrə əsasən dövlət idarəçiliyində sosial innovasiyaların tətbiqi, birgə inkubasiya və akselerasiya proqramlarının həyata keçirilməsi, eləcə də “ASAN müraciət”, “ASAN xidmət” mərkəzlərində tətbiq olunan digər rəqəmsal həllər və ASAN Radionun fəaliyyətinin Özbəkistanda tətbiqi ilə bağlı razılıq əldə olunub.