ASK-NIN UŞAQ ƏMƏYİNİN LƏĞVİNDƏ İŞƏGÖTÜRƏNLƏRİN ROLU LAYİHƏSİ DAVAM ETDİRİLİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə həyata keçirdiyi “Kənd təsərrüfatında uşaq əməyinin ləğvində işəgötürənlərin rolu” layihəsi çərçivəsində fəaliyyətini davam etdirir.
ASK-nın mətbuat xidmətindən bildirmişlər ki, layihəyə uyğun olaraq, iyulda çayçılıq (Lənkəran, Masallı, Astara və Lerik) və tütünçülük (Şəki, Zaqatala, Balakən və Qax) rayonlarında işəgötürənlər üçün seminarlar təşkil olunmuşdur. Seminarlarda işəgötürənlərdən əlavə, bələdiyyə nümayəndələri, məktəb direktorları və müəllimlər də iştirak etmişlər.
Seminarların məqsədi iştirakçıların uşaq əməyi ilə bağlı məlumat və biliklərini genişləndirmək, erkən yaşlarından əməyə cəlb edilərək təhsildən yayınan və sağlamlığına ziyan dəyən uşaqlara qayğını artırmaq, bu problemlə bağlı milli qanunvericilik sənədləri və beynəlxalq hüquq normaları ilə tanışlıqdır.
Hazırda layihə komandası “Uşaq əməyinin ləğv edilməsi: işəgötürənlərin yaxşı təcrübələri” kitabı üzərində çalışır. Kitab Azərbaycan və ingilis dillərində nəşr olunacaq, respublikamızda və digər ölkələrdə nümunə kimi təqdim ediləcəkdir.
Layihə çərçivəsində növbəti tədbir isə seçilmiş ərazilərdə monitorinqlərin aparılmasıdır. Bunun üçün layihə komandası həmin rayonlara səfərlər edəcək, pambıq, çay və tütün sahələrində olacaq, sahibkarlar, uşaqlar və onların valideynləri ilə görüşlər keçirəcəkdir.
Əldə olunmuş nəticələrin ümumiləşdirilməsi və perspektivlərin müəyyənləşdirilməsi məqsədi ilə oktyabrın 30-31-də 10 ölkənin nümayəndələrinin iştirakı ilə I Beynəlxalq Bakı konfransının keçirilməsi planlaşdırılır.