Aşqarlar Kimyası İnstitutu Azərbaycan Tibb Universiteti ilə əməkdaşlığa başlayıb
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutu (AKİ) Azərbaycan Tibb Universiteti (ATU) ilə əməkdaşlığa başlayıb. Bu haqda AZƏRTAC-a institutun direktoru, akademik Vaqif Fərzəliyev məlumat verib.
O bildirib ki, qarşılıqlı razılıq əsasında AKİ-də sintez olunan və funksional xassələri geniş tədqiq edilən fizioloji fəal maddələrin ATU-nun Patoloji fiziologiya kafedrasının müvafiq laboratoriyalarında heyvanlar üzərində sınaq analizləri aparılacaq.
Akademik qeyd edib ki, institutda 50 ildən artıqdır neft məhsullarının xüsusi aşqarlar - biosidlər vasitəsilə mikrobioloji zədələnmədən mühafizəsi istiqamətində elmi işlər aparılır. Bu tədqiqatlar nəticəsində müəyyən edilib ki, sintez olunan biosid aşqarlar neft məhsullarını mikrobioloji zədələnmədən mühafizə etməklə yanaşı, başqa sahələrdə də fizioloji fəallıq göstərir. Ötən müddətdə çoxlu sayda bioloji fəal üzvi birləşmələr sintez edilib, onların tərkibi və quruluşu ilə fizioloji fəallıq arasında asılılıq öyrənilib, hətta onların bir neçəsi müvəffəqiyyətlə sınaqdan keçərək, tətbiq edilib, dərman maddələri kimi istifadə olunub.
Vaqif Fərzəliyev diqqətə çatdırıb ki, əvvəlki tədqiqatlar İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində, Rusiya Elmi-Tədqiqat İnstitutunun Biokimyəvi farmakologiya laboratoriyasında və Virusalogiya, Mikrobiologiya və Gigiyena İnstitutunda aparılıb.
“İnstitutda sintez etdiyimiz “aminofen” dərman maddəsi Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən tibbi avadanlıqların və otaqların dezinfeksiyası üçün təklif olunub, Dərman Vasitələrinin Texnologiyası və Təhlükəsizliyi Elmi-Tədqiqat İnstitutunda qeydə alınıb. Belə təcrübələr və institutun yüksəkixtisaslı kadr potensialı imkan verir ki, bu istiqamətdə tədqiqatları genişləndirib, daha yüksək nəticələr əldə edək”, - deyə akademik vurğulayıb.
O qeyd edib ki, son 5 ildə Türkiyə, İtaliya, Rusiya və Belarus alimləri ilə birlikdə aparılan beynəlxalq müştərək tədqiqatlar zamanı institutda sintez edilən100-ə yaxın fizioloji fəal maddələrin antioksidant və fermentlər üzrə inhibitor təsirləri araşdırılıb, onların ayrı-ayrı nümayəndələrinin müxtəlif patoloji proseslərə (bədxassəli şiş, Alzheimer, qlaukoma, diabet, hipertoniya və s.) qarşı standart dərman maddələrindən dəfələrlə yüksək fizioloji fəallıq göstərdiyi müəyyən olunub.
Akademik vurğulayıb ki, bütün bunları nəzərə alaraq, yuxarıda qeyd olunan istiqamət üzrə Patoloji fiziologiya kafedrası ilə elmi əməkdaşlıq edərək, ilk mərhələdə təqdim etdiyimiz maddə nümunələrinin diabet əleyhinə sınaqlarının aparılmasına başlanılıb.
“Növbəti mərhələlərdə əldə ediləcək nəticədən asılı olaraq əməkdaşlığın həm fundamental, həm də tətbiqi istiqamətində genişləndirilməsi mümkün olacaq”, - deyə akademik qeyd edib.