Aşqarlar Kimyası İnstitutunda tələbələrə elmi tədqiqat aparmaq bacarıqları aşılanacaq
Bakı, 23 noyabr, AZƏRTAC
Aşqarlar Kimyası İnstitutu ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında imzalanmış əməkdaşlıq memorandumuna uyğun olaraq bu ali məktəbin kimya mühəndisliyi ixtisası üzrə bir qrup III kurs tələbələrinə elmi tədqiqat bacarıqları aşılanacaq.
Bu barədə AZƏRTAC-a Aşqarlar Kimyası İnstitutundan məlumat verilib.
Bildirilib ki, institutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev adıçəkilən ixtisas tələbələri ilə görüşdə bu barədə danışıb. Onun sözlərinə görə, müşahidələr göstərir ki, digər universitetlər kimi ADNSU-da da təhsil alan bakalavr və magistrantlara ixtisas fənləri üzrə yüksək səviyyədə nəzəri biliklər verilir: “Praktik nöqteyi-nəzərdən həmin biliklərin tədqiqat laboratoriyalarında dərsdən sonra instituta gəlib təcrübə keçməklə möhkəmlənməsinə ehtiyac var. Ona görə qarşılıqlı razılıq əsasında tələbələr ayrı-ayrı laboratoriyalara təhkim ediləcək. Bundan ötrü əvvəlcə tələbələr iş prinsipi ilə tanış olmaq üçün ümumi şəkildə mövcud laboratoriyalara baxış keçirəcəklər. Onlar üçün İnstitutda müasir və aktual mövzularda yerinə yetirilmiş fundamental və tətbiqyönlü tədqiqatlar və əldə olunan nəticələrlə bağlı maraqlı təqdimatlar ediləcək. Sonra onları maraqlandıran laboratoriyalar üzrə kiçik qruplar şəklində bölünəcək”.
Ə.Sucayev qeyd edib ki, təcrübəkeçmə müddətində tələbələr laboratoriyada zərif üzvi sintez və funksional xassələrin tədqiqi zamanı istifadə olunan bütün cihaz və avadanlıqları ilə yaxından tanış olacaqlar, onların iş mexanizmini əyani şəkildə mənimsəyəcək, daha sonra diplom, magistr işlərinin təcrübi hissəsinin yerinə yetirilməsində həmin avadanlıqlardan özləri sərbəst şəkildə istifadə edə biləcəklər.
İcraçı direktor bildirib ki, sonda fəallığı ilə seçilən tələbələrə diplom, iştirakçılara isə sertifikatlar təqdim olunacaq.
Ə.Sucayev bildirib ki, elmə ciddi maraq göstərən tələbələrin gələcəkdə müştərək elmi layihələrə cəlb olunması nəzərdə tutulur.