Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” işə başlayıb
AZƏRTAC tədbirlərin media tərəfdaşıdır
Astana, 25 avqust, AZƏRTAC
Astanadakı Beynəlxalq Sərgi Mərkəzində təbii qaz, istilik, su təchizatı və mühəndislik infrastrukturu sahəsində ilk beynəlxalq ixtisaslaşdırılmış “GASTHERM EXPO 2026” sərgisi, həmçinin Qazaxıstanın mühəndislik infrastrukturunun inkişafına həsr olunmuş “GASTHERM INTERNATIONAL FORUM”un rəsmi açılışı olub.
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) tədbirin media tərəfdaşıdır.
AZƏRTAC xəbər verir ki, sərgidə 5 ölkədən 50-dək şirkət iştirak edir. Bu şirkətlər mühəndislik şəbəkələrinin tikintisi, modernləşdirilməsi, rəqəmsallaşdırılması və təhlükəsiz istismarı üçün avadanlıq və texnologiyalar təqdim edir.
Sərgidə ayrıca bölmə rəqəmsallaşdırma və təhlükəsizlik məsələlərinə həsr olunub. Burada qaz sızmalarını real vaxt rejimində aşkarlamağa, şəbəkələrin vəziyyətinə məsafədən nəzarət etməyə və resursların istehlakı barədə məlumatları avtomatik ötürməyə imkan verən texnologiyalar təqdim olunur. Müasir smart sayğaclar və avtomatlaşdırılmış qazanxanalar da nümayiş etdirilir.
Qazaxıstan istehsalına xüsusi yer ayrılıb. Sərgidə uçot cihazları, qazanxana avadanlığı, qaztənzimləyici sistemlər, armatur və digər mühəndislik həlləri təqdim olunur.
Sərgi ilə eyni vaxtda “GASTHERM INTERNATIONAL FORUM” da fəaliyyətə başlayıb. Forumun sənaye üzrə tərəfdaşı “QazaqGaz” Milli Şirkəti” ASC-dir. İki gün ərzində dövlət qurumlarının, milli şirkətlərin, sənaye assosiasiyalarının, biznesin və ekspert icmasının nümayəndələri daxili tələbatla qaz təchizatı arasındakı balansı, regionların qazlaşdırılmasını, rəqəmsallaşdırma və süni intellekt məsələlərini, şəbəkələrin modernləşdirilməsini, yeni obyektlərin tikintisini, podratçılar bazarını, investisiya layihələrini və infrastrukturun istismarının təhlükəsizliyini müzakirə edəcəklər.
Avqustun 26-da forum çərçivəsində ilk dəfə olaraq peşəkar “GASTHERM AWARDS 2026” mükafatının təqdimetmə mərasimi keçiriləcək. “GASTHERM EXPO 2026” avqustun 27-dək davam edəcək.