ASTANADA XÜSUSİ İŞÇİ QRUPUNUN 14-CÜ İCLASI BAŞA ÇATMIŞDIR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, iclasa Qazaxıstan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Xəzər dənizinin hüquqi statusu məsələləri üzrə danışıqlarda Qazaxıstan Respublikasının nümayəndəsi R.Çerdabayev sədrlik etmişdir.
İclasın işində X.Xələfovun (Azərbaycan), M.Səfərinin (İran), R.Çerdabayevin (Qazaxıstan), V.Kalyujninin (Rusiya Federasiyası) və X.Babayevin (Türkmənistan) rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak etmişlər.
İclasda Konvensiya layihəsinin razılaşdırılmayan müddəaları üzrə fikir mübadiləsi aparılmış və ümumi prinsiplərə həsr olunmuş hissələrə dair yanaşmalar müəyyən edilmiş, bu əsasda Xəzər dənizinin hüquqi statusu ilə bağlı müxtəlif aspektlərə dair müddəalar hazırlanaraq layihəyə əlavə olunmuşdur.
Konvensiya layihəsinin bəzi müddəaları üzrə razılaşma əldə olunmuş, bir çox məsələlər üzrə mövqelərdə yaxınlaşma müşahidə edilmişdir. Qeyd olunmuşdur ki, bunlar növbəti iclas zamanı Konvensiya layihəsinin müddəalarının razılaşdırılması üçün zəmin yarada bilər.
XİQ-in 14-cü iclasının yekunu olaraq Kommünike qəbul olunmuş və sonra mətbuat konfransı keçirilmişdir.
Əldə olunmuş razılığa görə, XİQ-in növbəti 15-ci iclası cari ilin sentyabr ayında Moskva şəhərində keçiriləcəkdir.