ASTARA ÇAYININ ŞÖHRƏTİ ARTIR
“Astara çay-2” ASC ötən ildə rayonun çay plantasiyalarında aqrotexniki tədbirləri həyata keçirmək üçün çayçılıqla məşğul olan fermerlərə və fiziki şəxslərə 100 milyon manat pul vermişdir.
Bu il fabrik çayçılıq təsərrüfatlarından 300 ton yaşıl çay yarpağı qəbul etmişdir. Burada çalışan fəhlə və qulluqçular üçün lazımi iş şəraiti yaradılmışdır. Mövsüm ərzində fabrikdə işləyənlərə gündə 3 dəfə pulsuz yemək, habelə ayda 1 dəfə 80 min manat dəyərində ərzaq payı verilir. Fabrikin fəhlə və qulluqçularının orta aylıq əmək haqqı 300 min manatdır.
Astara çayı “Bio”, yəni ekoloji təmiz çay sertifikatı – almışdır və indi Almaniyanın Nürenberq şəhərindəki çay nailiyyətləri sərgisində nümayiş etdirilir. Bu çay İnternet səhifəsinə daxil edilmişdir.
“Astara çay-2” ASC-dən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yaxın vaxtlarda burada paketləmə sexinin açılması nəzərdə tutulur. Həmin sex istifadəyə verildikdən sonra burada qablaşdırılacaq çay məhsulları birbaşa satışa veriləcəkdir. Sexdə 100 nəfərə yaxın işçi çalışacaqdır.