ASTARADA KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMINA HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Astara Rayon İcra Hakimiyyətində Kənd Təsərrüfatı İşçiləri gününə həsr olunmuş toplantı keçirilmişdir.
Tədbirdə rayonda aqrar bölməyə rəhbərlik edən idarələrin rəhbərləri ilə yanaşı, kənd təsərrüfatı mütəxəssisləri, kəndli-fermerlər iştirak etmişlər.
Toplantıda Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Xanverdi Şirinov çıxış edərək, kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, Prezident İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamı ilə hər il noyabr ayının 1-nin ölkəmizdə “Kənd Təsərrüfatı İşçiləri günü” kimi qeyd edilməsini dövlətimizin başçısının aqrar bölmədə çalışanların əməyinə göstərdiyi qayğının təzahürü olduğunu söyləmişdir.
Astara Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Allahverən Mahmudov tədbirdə 2008-ci ilin doqquz ayı ərzində kənd təsərrüfatı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ilə çıxış etmişdir.
Cari ilin doqquz ayında rayonda kənd təsərrüfatı məhsulları istehsalının ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz artdığı diqqətə çatdırılmış, sahələrdən 54 min 600 ton tərəvəz, 11,3 min ton kartof, 5,3 min ton taxıl, 540 ton meyvə və giləmeyvə, 197,4 ton yaşıl çay yarpağı yığıldığı, bu müddətdə 3 faiz çox ət, 4,5 faiz çox süd, 0,2 faiz çox yumurta, 6 faiz çox yun istehsal edildiyi, Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına müvafiq olaraq, aqrar bölmədə çalışan 218 nəfər fermerə və fiziki şəxsə 396,5 ton azot gübrəsinin güzəştli qiymətlə satıldığı, 941 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına isə 71319 manat yardım edildiyi bildirilmişdir.
Mərasimdə çıxış edənlər kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, rayonda aqrar bölmənin inkişafı ilə bağlı təkliflərini söyləmiş, ölkəmizdə qeyri-neft sektorunun yüksəlişinə göstərdiyi qayğıya görə dövlətimizin başçına minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda kənd təsərrüfatı işçilərinin bir qrupuna rayon icra hakimiyyətinin hədiyyələri təqdim edilmişdir.