ASTARADA KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİNİN ÜMUMRAYON MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 28-də Astarada kənd təsərrüfatı işçilərinin ümumrayon müşavirəsi keçirilmişdir. Müşavirədə Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək haqqında” 2008-ci il 21 avqust tarixli Sərəncamının icrası ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Tədbir iştirakçıları icra hakimiyyəti binasının foyesində təşkil edilmiş kənd təsərrüfatı məhsullarının sərgisi ilə tanış olmuşlar.
Müşavirədə bildirilmişdir ki, son illər ölkəmizdə aqrar bölmədə həyata keçirilən islahatlar nəticəsində kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının dinamik inkişafına əlverişli şəraitin yaradılması kənd təsərrüfatı bitkilərinin əkin strukturunda əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur. Bunun nəticəsində də kənd təsərrüfatı məhsulları istehsalı 10,7 faiz, o cümlədən bitkiçilikdə 21 faiz, heyvandarlıq sahəsində isə 3,2 faiz artmışdır.
Qeyd olunmuşdur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il taxılçılıqda hər hektarın məhsuldarlığı xeyli artırılaraq 21,1 sentnerə çatdırılmışdır. Bu il sahələrdən 16 min 836,4 ton tərəvəz, 7.344 ton kartof, 88,4 ton meyvə və giləmeyvə, 197,4 ton yaşıl çay yarpağı yığılmış, qaramalın sayı 2,6 faiz artaraq 43 min 363 başa, davarların sayı 2,3 faiz artaraq 27 min 946 başa çatdırılmış, bütövlükdə rayonda kənd təsərrüfatı məhsulları istehsalının həcmi 15,3 faiz artmışdır.
Tədbirdə çıxış edənlər kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində görülmüş işlərdən və mövcud problemlərdən danışmış, Azərbaycan Prezidentinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı təkliflərini bildirmişlər.