Astarada yol hərəkəti qaydalarını pozan sürücülər barədə qanunamüvafiq tədbirlər görülüb
Astara, 31 yanvar, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi, ictimai nəqliyyatda nizam-intizamın yaradılması ilə bağlı rayon avtovağzalında sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılar və sürücülərlə maarifləndirici görüş keçirilib, həmçinin qanunsuz sərnişindaşımanın qarşısını almaq, bu sahədə kobud qayda pozuntularını aşkarlamaq məqsədilə reyd təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə sərnişindaşıma ilə məşğul olan sürücülərə riayət etməli olduqları yol hərəkəti qaydaları, iş və istirahət rejimi, həmçinin qanunvericiliyin digər tələbləri barədə məlumat verilib. Bütün bu qaydaların sərnişinlərin təhlükəsiz şəkildə mənzil başına çatdırılmaları və bədbəxt hadisələrin baş verməməsi üçün nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Görüş zamanı sürücüləri maraqlandıran suallar cavablandırılıb.
Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən qayda pozuntularının aşkarlanması məqsədilə reyd təşkil edilib.
Reyd zamanı texniki baxışdan keçməyən, əlavə avadanlıqlar quraşdırılmış, sərnişindaşıma qaydalarını pozan, eləcə də qeyd olunmuş nəqliyyat vasitələrini idarə etmək üçün müvafiq kateqoriyası olmayan 10 nəfər sürücü barədə qanunamüvafiq tədbirlər görülüb.