Astaralılar tibbi müayinələrin təşkilindən razıdırlar
Astara, 13 mart (AZƏRTAC, Bağır Əliyev). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən fevralın 17-dən başlayaraq respublikanın hər yerində olduğu kimi, Astarada da əhalinin tibbi müayinəsi mütəşəkkil qaydada davam edir.
Bu məqsədlə rayonda xüsusi komissiya yaradılmış, qrafik tərtib olunmuşdur. Astara Mərkəzi Rayon Xəstəxanasında yaradılmış dörd həkim briqadası tərəfindən əhali kütləvi şəkildə tibbi müayinədən keçirilir.
Xəstəxananın baş həkimi Emin Hüseyn AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, martın 13-dək rayon sakinlərinin 6532 nəfəri müayinədən keçmişdir. Müayinələr zamanı 830 şəxsdə müxtəlif xəstəliklər aşkar edilmiş, onlardan 21 nəfəri stasionar, 756 nəfəri ambulator müalicəyə cəlb olunmuşdur. Daha 53 xəstə isə Bakı şəhərinin ixtisaslaşmış tibb müəssisələrinə göndərilmişdir.
Sakinlər Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ayrılmış vəsait hesabına əsaslı təmir edilərək yenidən qurulmuş və ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş Mərkəzi Rayon Xəstəxanasında yüksək səviyyədə təşkil olunan pulsuz müayinədən razı qaldıqlarını, bu diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.
Aksiya ilə bağlı fikirlərini bölüşən şəhər sakini Almaz Hüseynova deyir:
- Uzun müddət dövlət idarəsində işləmişəm. Hazırda yaşımla əlaqədar pensiyaya çıxmışam. Həyat yoldaşım Əməkdar Müəllimdir. Tibbi müayinədən keçməyə ailəliklə gəlmişik. Belə fürsəti bizə yaradan Prezident İlham Əliyevə minnətdarıq.
Müayinədən keçən 65 yaşlı Səxavət Şükürov isə razılığını belə ifadə etdi:
- Xəstəxanada çox yaxşı şərait yaradılıb. Burada çalışan tibbi personal da insanlara qayğı ilə yanaşır. Azərbaycan Prezidentinin tapşırığına əsasən keçirilən pulsuz müayinə xüsusən aztəminatlı ailələrin ürəyincədir. Bu qayğı və diqqətə görə dövlətimizin başçısına “Çox sağ olun” deyirik.
Humanitar aksiya müddətində Astara rayonu üzrə qeydiyyatda olan 30 minə yaxın vətəndaşın müayinədən keçirilməsi nəzərdə tutulur.