Astaranın və Lerikin ən yaşlı sakinləri səsvermədə iştirak ediblər
Astara, 11 aprel, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunun ən yaşlı sakini, 106 yaşlı Mələk Tairova 77 saylı Astara seçki dairəsinin Siyatük kəndində yerləşən 29 saylı seçki məntəqəsi üzrə səsvermədə iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mələk nənə səhhəti ilə əlaqədar məntəqəyə gedə bilmədiyinə görə, evində səs vermək üçün məntəqə seçki komissiyasına müraciət edib. Səyyar seçki qutusu və seçki bülleteni onun yaşadığı ünvana gətirilib.
Mələk nənə ölkəmizdə əmin-amanlıq və firavanlıq olması üçün layiqli namizədə səs verdiyini bildirib.
Cənub bölgəsinin digər yaşlı seçicisi - Lerik rayon sakini 104 yaşlı Raciyə İbrahimova da 78 saylı Lerik seçki dairəsinin 3 saylı seçki məntəqəsi üzrə yaşadığı ünvanda səsvermə hüququndan istifadə edib.