Astma əleyhinə yeni dərman preparatı sınaqdan keçiriləcək
Bakı, 14 fevral, AZƏRTAC
Astma xəstəliyinin müalicəsi üçün yeni üsul tapılıb.
AZƏRTAC Rusya KİV-lərinə istinadən xəbər verir ki, Avstraliyanın Kvinslend Universitetinin mütəxəssisləri astma əleyhinə yeni dərman preparatı yaradıblar. Alimlər bildirirlər ki, preparat astmaya səbəb olan genlərin fəaliyyətini ləngidir. İndi isə dərmanın könüllülər üzərində klinik sınaqdan keçirilməsi tələb olunur. Problem ondadır ki, dərmanın təsirinin sübut etmək üçün könüllülərdə astmanın simptomlarını oyatmaq gərəkdir. Bunun üçün təcrübəyə 16 nəfər cəlb olunacaq. Həkimlər toz hissəciklərindən istifadə etməklə onlarda süni astma tutması yaradacaqlar. Sonra həmin şəxslərə yeni dərman preparatı veriləcək. Bu yolla insanlarda astma simptomlarının azalması və ya şiddətlənməsi, hətta aradan qalxması müəyyən ediləcək. Nəticələr uğurlu alınarsa, bu, standart müalicəyə uyğun olmayan insanlar üçün alternativ müalicə olacaq. Sınağın nəticələri gələn il açıqlanacaq.
Alimlər əmindirlər ki, testlər ciddi nəzarət və təhlükəsizlik şəraitində həyata keçiriləcək. Könüllülərdən heç kim ziyan çəkməyəcək.
Məlumdur ki, astma əsasən irsi yolla keçir. Ancaq həmişə yox. Bəzən xəstəlik bronxların zədələnməsi ilə, yaxud psixoloji problemlər səbəbindən də inkişaf edir. Münxen Universitetinin alimləri 1500 astma xəstəsi arasında sorğu aparıblar. Nəticələr göstərib ki, hər üç nəfərdən birində bu xəstəlik ailə problemləri zəminində yaranır. Bəzi insanlarda isə astmaya işdəki gərginlik və həyəcan səbəb olur.