ATAF-IN ÜZVLƏRİ NATO VƏ AVROPA KOMİSSİYASININ RƏSMİLƏRİ İLƏ GÖRÜŞMÜŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) üzvləri təşkilatın lll yığıncağı çərçivəsində mayın 28-də NATO-nun İctimai Diplomatiya Departamentinin Qafqaz üzrə informasiya ofisinin direktoru Despina Afantulli, Qüvvələrin planlaşdırılması və əməliyyat bölmələrinin direktorları Qi Jerbo və Erik Sanyih ilə görüşmüşlər.
Görüşdə ölkəmizlə NATO arasında əməkdaşlıq məsələlərinə toxunulmuş, qurumun sülhməramlı qüvvələri tərkibində azərbaycanlı hərbçilərinin iştirakı yüksək qiymətləndirilmiş, NATO ilə Azərbaycan arasında əməkdaşlığın getdikcə möhkəmlənməsindən söhbət açılmış, Azərbaycanda keçiriləcək islahatlar barədə fikir mübadiləsi aparılmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs olunmuşdur.
Avropa Komissiyası rəsmiləri ilə keçirilmiş görüşdə ATAF üzvləri ölkəmizdə təhsilə xüsusi qayğıdan söhbət açmış, Prezidentin fərmanına əsasən hər il yüzlərlə tələbənin xarici ölkələrin ali təhsil ocaqlarında təhsil almağa göndərilməsi və onların bütün xərclərinin dövlət tərəfindən maliyyələşdirilməsi barədə məlumat verilmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılmışdır. Azərbaycanlı tələbələr Ermənistan silahlı qüvvələrinin ərazilərimizin 20 faizinin işğal etdiyini, bir milyondan artıq insanın öz doğma torpaqlarından çıxarılaraq qaçqın və məcburi göçkünə çevildiyini, dövlətin onlara qayğısını, beynəlxalq təşkilatların, o cümlədən Avropa İttafaqının işğala münasibət bildirməməsi diqqətə çatdırmışlar.
Avropa komissiyasının rəsmiləri Cənubi Qafqazda Azərbaycanın nüfuzunun getdikcə güclənməsini qeyd etmiş, Avropanı təhdid edən enerji böhranının aradan qaldırılmasında Azəbaycanla əməkdaşlığa üstünlük verildiyi bildirilmiş, Ermənistanın işğalçılıq siyasəti ucbatından yaranmış münaqişənin sülh yolu ilə həllinin Avropa İttifaqının diqqət mərkəzində olduğu vurğulanmışdır.