“ATAHOLDİNQ” ÖLKƏNİN İNFRASTRUKTUR LAYİHƏLƏRİNDƏ BİRGƏ İŞTİRAK ÜÇÜN POTENSİAL TƏRƏFDAŞ ŞİRKƏTLƏRLƏ MÜZAKİRƏLƏRİ BAŞA ÇATDIRMIŞDIR
“AtaHoldinq” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, şirkət ölkənin infrastruktur layihələrində birgə iştirak üçün potensial tərəfdaş şirkətlərlə müzakirələri başa çatdırmışdır.
Bir ildən artıq aparılan birgə araşdırmalardan sonra, çoxprofilli mühəndislik-tikinti şirkəti olan Koreya Respublikasının SonqVon Korporasiyası (SungWon Corp) strateji tərəfdaş kimi seçilmişdir. SanqVon Korporasiyasının təcrübəsi “AtaHoldinq”in müəyyən etdiyi tələblərə cavab verir.
“AtaHoldinq” ASC idarə heyətinin sədri Qafar Qurbanov demişdir ki, hər iki şirkətin iş birliyi, “AtaHoldinq”in korporativ siyasəti olan Azərbaycanın iqtisadi və mədəni inkişafına öz töhfəsini verəcəkdir. SonqVon Korporasiyası müasir Koreyanın iqtisadi inkişaf təcrübəsini bütün dünyada yayan peşəkar şirkətlərdəndir. Əsas məqsəd bu təcrübənin Azərbaycanın inkişafına xidmət etməsinə nail olmaqdır.
1978-ci ildə yaradılmış SonqVon Korporasiyası sosial-mülki obyektlərin, o cümlədən kanalizasiya sularının təmizlənməsi stansiyalarının, məişət tullantılarının emalı zavodlarının, dəmir yolu, metropoliten xətlərinin, idman sarayları və stadionlarının, elektrik stansiyaları və xətlərinin, körpülərin və nəqliyyat yollarının layihələşdirilməsi və tikintisində ixtisaslaşmış bir şirkətdir.