ATƏT, AVROPA ŞURASI VƏ AVROPA KOMİSSİYASI AZƏRBAYCANDA PREZİDENT SEÇKİLƏRİNƏ DƏSTƏK PLANLARINI AÇIQLAMIŞLAR
AZƏRTAC xəbər verir ki, aprelin 30-da ATƏT-in Bakı ofisinin başçısı Xose Luis Herrero Ansola, Avropa Şurası nümayəndəliyinin rəhbəri Denis Bribosia və Avropa Komissiyası nümayəndəliyinin başçısı Alan Uaddams Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin keçirilməsinə birgə dəstək proqramını təqdim etmişlər.
Beynəlxalq qurumların başçılarının birgə bəyanatında deyilir: “Seçki prosesinin bütün iştirakçıları seçkiləri beynəlxalq standartlara uyğun təşkil etmək üçün ciddi səylər göstərməlidirlər. Biz bu səyləri dəstəkləməyə hazırıq”.
ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero Ansola bildirmişdir ki, hər üç təşkilatın Azərbaycanda seçkiqabağı vəziyyətə və seçkilərə hazırlıq tədbirlərinə ümumi baxışı vardır: “Biz əminik ki, Azərbaycan seçkiləri beynəlxalq standartlar səviyyəsində keçirə bilər və öz növbəmizdə bu məsələdə ölkənizə kömək etmək niyyətindəyik”.
Avropa Şurası nümayəndəliyinin başçısı Denis Bribosia qeyd etmişdir ki, beynəlxalq təşkilatlar Azərbaycanın bölgələrində qanunvericilik və inzibati məsələlərə dair məşğələlər keçirməyi, KİV-lərin və media rəhbərlərinin iştirakı ilə konfranslar təşkil etməyi, televiziyada xüsusi maarifləndirici verilişlərin hazırlanmasını və s. planlaşdırırlar.
Avropa Komissiyası nümayəndəliyinin başçısı Alans Uaddams isə vurğulamışdır ki, sözügedən təşkilatlar Azərbaycanın işlərinə qarışmaq niyyətində deyillər və ölkəmizə öz məqsədlərinə çatmaqda kömək etmək istəyirlər.