ATƏT AZƏRBAYCANDA MİKROMALİYYƏLƏŞDİRMƏ FƏALİYYƏTİNİ DƏSTƏKLƏYİR
ATƏT-in Bakıdakı nümayəndəliyinin başçısı, səfir Piter Burhard konfransı açaraq bildirdi ki, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üçün lazımi həcmdə kredit ehtiyatlarının olması son dərəcə vacibdir.
P.Burhardın sözlərinə görə, maneəsiz kreditlər alınması, bölüşdürülməsi üçün əlverişli mexanizm, bank əngəllərinin azaldılması və sahibkarlıq üzrə məşvərət orqanlarının fəaliyyəti Azərbaycanın iqtisadi inkişafı üçün əsas amillərdir.
Qeyd edildi ki, nəinki beynəlxalq təşkilatlar, respublikanın dövlət qurumları da mikrokreditləşdirmə sahəsində müasir vəziyyətin müzakirə olunmasına və bu sahənin gələcək inkişafı üçün proqramlar hazırlanmasına maraq göstərirlər.
ATƏT-in nümayəndəliyinin başçısı bildirdi ki, konfrans Azərbaycanda mikromaliyyələşdirmə və biznesin planlaşdırılmasına dair vahid milli strategiya hazırlamaq üçün əlverişli imkan yaradır. Mikromaliyyələşdirmə sistemi ölkədə yoxsulluğu aradan qaldırmaq üçün vasitələrdən biridir və ATƏT-in Bakı nümayəndəliyi sahibkarlığın inkişafı yolunda maneələrin ləğvi üçün Azərbaycan hökuməti ilə birgə fəaliyyətini davam etdirməyə hazırdır.
İqtisadi inkişaf naziri Fərhad Əliyev mikromaliyyələşdirmə sahəsinin inkişafının respublikamızda yoxsulluğun aradan qaldırılması problemlərinin həllinə müsbət təsirini xüsusi vurğulayaraq dedi ki, bu sahəni tezliklə inkişaf etdirmək üçün bütün səyləri birləşdirmək lazımdır.