SİYASƏT
ATƏT-in Minsk qrupunun həmsədrləri ATƏT-in Daimi Şurasında illik hesabatla çıxış etmişlər
Vyana, 14 noyabr (AZƏRTAC). Noyabrın 14-də Vyanada ATƏT-in Daimi Şurasında ATƏT-in Minsk qrupunun həmsədrləri göstərdikləri fəaliyyətə dair illik hesabatla çıxış etmişlər.
Həmsədrlər çıxışlarında tərəfləri münaqişənin sülh yolu ilə nizamlanması prosesinə sadiq qalmağa çağırmışdır. Onlar danışıqlar prosesində son bir il ərzində vasitəçilik səylərindən danışmış və regiona səfərləri barədə qısa məlumat vermişlər. Bildirilmişdir ki, həmsədrlərin məqsədlərindən biri, eyni zamanda, Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində görüşün təşkili istiqamətində səylərdən ibarət olmuşdur. Münaqişə bölgəsində atəşkəsin mütəmadi şəkildə pozulmasından narahatlıq ifadə olunmuş, danışıqlar prosesində proqresin əldə edilməsi və münaqişənin həlli üçün öhdəliyin münaqişə edən dövlətlərdə olduğu vurğulanmışdır.
İclasda Avropa İttifaqı, İsveçrə, ABŞ və Türkiyə nümayəndələri ilə yanaşı, Azərbaycan və Ermənistanın ATƏT yanında daimi nümayəndələri də çıxış etmişlər.
Azərbaycan nümayəndəsi ölkəmizin danışıqlar prosesinə sadiq qaldığını bir daha diqqətə çatdırmış, sülh prosesində irəliləyişin əldə olunması üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasının vacibliyini qeyd etmişdir. Yaxın dövrdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə münaqişənin nizamlanması ilə bağlı danışıqlarda irəliləyişin əldə olunacağına ümid bəsləndiyi bildirilmiş və Ermənistan tərəfi konstruktivliyə dəvət edilmişdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana