ATƏT-LƏ İCTİMAİ TELERADIO ARASINDA ƏMƏKDAŞLIĞA DAİR MEMORANDUM İMZALANMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 12-də ATƏT-in Bakı ofisində qurumla İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanmışdır.
Sənədə əsasən, ATƏT-in Bakı ofisinin dəstəyi ilə BBC mütəxəssisləri tərəfindən İctimai Teleradio əməkdaşları üçün keçirilən treninqlərin ikinci mərhələsinə start verilir.
İctimai Teleradionun baş direktoru İsmayıl Ömərovun və ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herreronun imzaladıqları memorandumda qeyd olunur ki, Ofis ictimai xidmət üzrə öz dəyərlərini inkişaf etdirməklə, Azərbaycandakı demokratik proseslərdə İctimai Televiziyaya yardım etmək məqsədi daşıyan təlim proqramı təklif edir. Keçirilən treninqlərdə şirkət əməkdaşlarının idarəetmə bacarıqlarının artırılması, xəbərlər redaksiyasının idarə edilməsi, seçkilər, iqtisadiyyat və biznes, eləcə də araşdırma xarakterli reportajların hazırlanması sahəsində BBC ekspertləri öz təcrübələrini bölüşəcəklər.
Sənədli filmlərin və maarifləndirici verilişlərin, qadın və uşaq məsələləri ilə bağlı proqramların hazırlanması ilə bağlı da treninqlərin keçirilməsi nəzərdə tutulur.
ATƏT-lə İctimai Teleradio arasında imzalanan memorandumu şirkət üçün faydalı hesab edən İ.Ömərov bildirmişdir ki, bu layihə teleradio kollektivinin peşəkarlığının artmasında və beynəlxalq təcrübəni öyrənməkdə böyük rol oynayır.
Xose Luis Herrero bəyan etmişdir ki, ATƏT İctimai Teleradio ilə əməkdaşlığı bundan sonra da genişləndirmək niyyətindədir. Belə ki, artıq ikinci mərhələsinə başlanılan layihənin payız aylarında növbəti - sayca üçüncü fazası həyata keçiriləcəkdir.
######
