ATMU ilə Kipr Aydın Universiteti arasında təhsil proqramlarının icrası üzrə fikir mübadiləsi aparılıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) beynəlxalq əməkdaşlıq çərçivəsində növbəti görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə Kipr Aydın Universitetinin beynəlxalq əlaqələr direktoru Tuğrul Günay və İstanbul Aydın Universitetinin Azərbaycan üzrə nümayəndəsi Vüsalə Hümbətli iştirak ediblər.
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov bu görüşün universitetlərarası əməkdaşlıq üçün faydalı olacağını deyib. Rektor ATMU-nun strateji hədəfləri sırasında beynəlxalq tərəfdaşlıqların qurulmasını və genişləndirilməsini mühüm amil kimi dəyərləndirib.
ATMU-nun strateji inkişaf üzrə prorektoru Araz Aslanlı isə ali təhsil müəssisəsinin beynəlxalq əlaqələr çərçivəsində həyata keçirdiyi layihələrdən, tərəfdaşlıq və əməkdaşlıq planlarından ətraflı bəhs edib.
Görüş zamanı universitetlərarası əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat və təhsil proqramlarının icrası üzrə fikir mübadiləsi aparılıb.