“ATMU-Onbranch” proqramı Azərbaycanda ilk dəfə tətbiq edilir
Bakı, 21 aprel, AZƏRTAC
“Virtual Azərbaycan Turizm və Menecment Universiteti-Onbranch” Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə “Onbranch” şirkətinin birgə layihəsidir.
ATMU-dan AZƏRTAC-a bildiriblər ki, bu, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq sənaye-universitet əməkdaşlığı çərçivəsində reallaşıb.
Layihə barədə məlumat verən ATMU-nun prorektoru Anar Eminov diqqətə çatdırıb ki, startap kimi fəaliyyətə başlayan “Onbranch” şirkəti artıq müstəqil olaraq əsasən məkanların virtual proyeksiyasının yaradılmasını icra edir.
“Onbranch” mobil əlavəsini yükləyən tələbə və müəllimlər ATMU-nun bu mobil əlavədəki səhifəsində avtomatik qeydiyyatdan keçirlər. “ATMU-Onbranch” proqramı tələbə və müəllimlərə universitet daxilində keçirilən bütün tədbirlərdən xəbər tutmağa imkan yaradır. Bunun üçün hər bir nəfərə ayrı-ayrılıqda məlumat göndərməyə ehtiyac qalmır. Həmçinin səhifəyə yüklənmiş hər hansı məlumat, elan, xəbərdarlıq və ismarıclar proqram vasitəsilə dərhal ATMU heyətinə ötürülür. Bundan başqa, “Onbranch” tələbə və müəllimlərin asudə vaxtlarını keçirdikləri məkanlarda - kafe, restoran, əyləncə mərkəzləri, gimnastika zalları, olimpiya mərkəzləri, dil və təlim kursları, kinoteatr və kitabxanalarda onların xüsusi endirim qazanmaları üçün şərait yaradır. Bu endirimləri “ATMU-Onbranch”ın hər bir üzvü əldə edə bilir.
Proqram Azərbaycanın ali məktəblərində ilk dəfə ATMU-da tətbiq edilir.