ATU-nun Tədris Cərrahiyyə Klinikasında süni mayalanma şöbəsi açılacaq
Bakı, 25 noyabr, AZƏRTAC
Gələn ildən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında süni mayalanma əməliyyatları icra olunacaq.
Bu barədə noyabrın 25-də ATU-da Türkiyədəki Amerika Xəstəxanasının nümayəndələri ilə keçirilən görüşdə ilkin razılıq əldə olunub. Rektor, akademik Əhliman Əmiraslanov qonaqlarla görüş zamanı Azərbaycanda süni mayalanma ilə bağlı yüksək ixtisaslı mütəxəssislərə böyük ehtiyac olduğunu vurğulayıb. Qeyd olunub ki, ölkəmizdə süni mayalanma yolu ilə övlad sahibi olmaq arzusunda olan ailələr çoxdur.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Türkiyə nümayəndə heyətinin rəhbəri, professor Bülent Urman isə ATU-da təkcə süni mayalanma əməliyyatlarının keçirilməsində deyil, həm də tədris sistemində iştirak etmək istəklərini açıqlayıb. Türkiyəli mütəxəssislər tərəfindən doğuşla bağlı rezidentlərə mühazirə oxunması barədə təklif də səsləndirilib.
Görüş zamanı ATU-nun Tədris Cərrahiyyə Klinikasında 2015-ci ilin ilk aylarından etibarən süni mayalanma şöbəsinin yaradılması haqda ilkin razılıq əldə olunub. Qonaqlar artıq klinikadakı şəraitlə tanış olduqlarını, burada yüksək keyfiyyətli əməliyyatların aparılması üçün hər cür şərait olduğunu vurğulayıblar. İki tərəf arasında qarşılıqlı əməkdaşlığa dair sazişin hazırlanması qərara alınıb.