CƏMİYYƏT
ATU-nun Tədris Terapevtik Klinikasında tələbələr robotlar üzərində təcrübə keçirlər
Bakı, 22 may (AZƏRTAC). Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında robot xəstələr “yaşayır”. İnsanın bütün xüsusiyyətlərini özlərində daşıyan “METİ” adlı robotları cansız məxluq da adlandırmaq olmur. Tələbələr bu robotların üzərində təcrübə keçir, onları öldürüb-dirildirlər.
İnsanda olduğu kimi, bu qurğularda da qan dövranı, sinir, tənəffüs və sidik sistemi var. Robotun hətta cinsini də dəyişmək olur. Bu da cinsi xəstəliklərin öyrənilməsində tələbələrin işinə yarayır.
Klinikanın əməkdaşları “METİ”lərə əsil xəstə kimi qulluq edir, qayğısına qalır, onları sabit temperaturda saxlayırlar.
Robotlara proqramlaşdırma vasitəsilə 200-dək müxtəlif xəstəliklərin simptomlarını yükləmək olur. Bu zaman robot özünü həmin xəstə kimi aparmağa başlayır. Onlar xəstələnəndə ağlayır, zarıyır, nəfəsləri daralanda gözləri bərəlir, soyuqdəyməsi olanda tərləyir, ağız suyu tökülür və burnu axır. Astma zamanı isə “METİ” təngnəfəs olur, boğulmağa başlayır. Otaqdakı böyük monitorda xəstənin şikayətləri, qanın oksigenlə doyma dərəcəsi, qanda fermentlərin səviyyəsi və s. bu kimi göstəricilər yazılır. Tələbə də bu məlumatlara əsasən xəstənin durumunu müəyyənləşdirir və ona müalicə yazır. Reseptdəki dərmanlar xəstəyə veriləndən sonra “METİ” sağalırsa, deməli, tələbə düzgün diaqnoz qoymuşdur.
Bundan başqa, “METİ”də 200 növ xəstəliyin klinikasını, ağırlıq dərəcəsinin modelini yaratmaq olur. Əsasən də intensiv terapiya, xəstənin ağır vəziyyətə salınması kimi hallar tətbiq edilir. Məsələn, robot xəstənin əsl kardioqramı çıxarılır. Tələbə də robotun nəbzini tutur, kardioqrama əsasən müəyyən preparat təyin edir. Əgər METİ-nin aritmiyası artırsa, deməli, vəziyyət pisdir, tələbə əks-göstəriş olan dərman yazıbmış.
Robotların venasına dərman yeritmək imkanı da var. Onlar öləndə monitorda ürək döyüntüləri dayanır.
Robotların tədris prosesində üstünlüyü odur ki, tələbələrin öz səhvləri üzərində öyrənə bilirlər. Həkim kimi işləyəndə isə onlara belə şans verilməyəcəkdir. Hələlik “METİ”lərimizi öldürən tələbə olmamışdır.