ATU-nun ürək-damar mərkəzinin fəaliyyətə başlamasından bir il ötür
Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının nəzdində ürək-damar mərkəzinin fəaliyyətə başlamasından bir il ötür.
Bu barədə AZƏRTAC-a məlumat verən mərkəzin rəhbəri, dosent Fərid Əliyev bildirib ki, burada bütün ürək prosedurları yerinə yetirilir. Mərkəzdə, həmçinin həkim-rezidentlərin və tələbələrin təcrübi vərdişlərə yiyələnmələri üçün də şərait yaradılıb. Sevindirici haldır ki, həkim-rezidentlər artıq bir çox prosedurları sərbəst şəkildə icra edə bilirlər.
O, əldə edilmiş uğurlar qismində innovativ prosedurların icrası ilə bağlı yeniliklərin olduğunu da bildirib.
Onun sözlərinə görə, ATU-nun ürək-damar mərkəzi Avropa Kardiologiya Cəmiyyəti ilə sıx əməkdaşlıq qurmağı bacarıb. Mərkəz bu beynəlxalq şəbəkənin həm təhsil komitəsi, həm də rəhbər tövsiyə komitəsinə üzv qəbul edilib. Mərkəz əməkdaşlarının məqalələri beynəlxalq və yerli jurnallarda dərc olunub.
F. Əliyev onun da deyib ki, bir il ərzində mərkəzdə xeyli sayda xəstə stasionar şəraitdə müalicə olunub. Xəstələrə transtorasik exokardioqrafiya, EKQ müayinə tətbiq edilib. Bu müddətdə 29 nəfərdə ürəkdaxili defibrilyator, 1 nəfərdə anadangəlmə ürəkdaxili qüsurların qapalı yolla bağlanması əməliyyatı həyata keçirilib. Gələcəkdə mərkəzdə kardioreanimasiya şöbəsinin qurulması, üçölçülü exokardioqrafiyanın aparılması, üçölçülü xəritələmə sisteminin tətbiqi və digər yeniliklər nəzərdə tutulur.