İQTİSADİYYAT
Auditorlar Palatasının nümayəndə heyəti Dubayda beynəlxalq konfransda iştirak edib
Bakı, 4 noyabr, AZƏRTAC
Auditorlar Palatasının sədri Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti ICAP tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş, Orta Şərqin aparıcı qlobal investisiya şirkətlərinin və ictimai əhəmiyyətli qurumlarının rəhbər şəxslərini və maliyyə direktorlarını bir araya gətirən “İnklüziv inkişaf: biznes strategiyalarının rekonfiqurasiyası” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Qurumdan AZƏRTAC-a bildirilib ki, tədbirdə ICAP-ın prezidenti və Şura üzvləri, həmçinin Orta Şərqin aparıcı şirkətlərinin maliyyə direktorları tərəfindən “Biznesin inkişafının idarəedilməsi və onun dayanıqlılığının təmin edilməsi”, “Yaşıl iqtisadiyyatda hesabatlılıq və audit”, “Rəqəmsal iqtisadiyyatda konsolidə edilmiş hesabatların əsas göstəricilərinin tərtibi və təhlili”, “Rəqəmsallaşmanın və süni intellektin (AI) auditə, mühasibat uçotuna və davamlı inkişafa təsiri”, “Maliyyə transformasiyası: avtomatlaşdırılmış idarəetməyə keçid üçün strategiyalar”, “Kiber böhranda biznesin davamlılığının təmin edilməsi”, “ESG hesabatlığı üzrə maliyyə hesabatlarının strukturu mövzularında məruzələr dinlənilib və müvafiq nominasiyalar üzrə təltiflər təqdim edilib.
Beynəlxalq konfransda Auditorlar Palatasının nümayəndə heyəti də məruzə ilə çıxış edib, “Davamlı inkişafın təşviqində kənar auditorların rolu”, “Dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat şəraitində mühasibatlıq və auditin transformasiya istiqamətləri”ndən bəhs edərək, bu sahələrdə beynəlxalq əlaqələrin genişləndirilməsinin və onun reallaşdırılmasının zərurəti vurğulanıb.
Həmçinin Azərbaycanın indiki inkişaf mərhələsində ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyata keçid kimi vacib problemlərin həllinin ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olması, ölkəmizdə bu sahədə əldə edilən uğurlar və nəzərdə tutulan prioritetlər, habelə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi barədə məlumat verilib.
Auditorlar Palatası və Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında iqlim dəyişikliyi şəraitində birgə tədqiqat sənədi olan “İstixana qazlarının uçotunun əsasları (dayanıqlı inkişafla bağlı açıqlamalara dair MHBS standartları əsasında)” adlı Təlimat Pakistanlı həmkarlara təqdim olunub, həmçinin Auditorlar Palatasının məqsəd və vəzifələrinin həllində verdikləri töhfəyə görə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun prezidenti Farrux Rehman və Şura üzvü Ali Latif “Fəxri auditor” statusu ilə təltif ediliblər.