Autizm spektri pozuntusuna həsr olunan seminar keçirilib
Bakı, 18 noyabr, AZƏRTAC
Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Autizm spektri pozuntusundan əziyyət çəkən şəxslərin sosial və psixoloji reabilitasiyası sahəsində təşəbbüslər” layihəsi çərçivəsində seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda psixoloq, nevropatoloq, həkim, valideyn və uşaqlar iştirak edib.
İctimai Birliyin sədri Çiçək Məmmədli indiyədək ölkəmizdə autizm spektri pozuntusu problemi və onun aktuallığı, ölkəmizdə bu sahədə görülən işlər barədə məlumat verib. O, layihənin həyata keçirildiyi müddətdə ictimai birliyin apardığı işlər, bu sahədə məlumatsızlıq, valideynlər arasında stiqmanın mövcudluğu, aparılan maarifləndirmə işi, bu sahədə üzləşdikləri problemlərdən bəhs edib. Qeyd olunub ki, aparılan tədqiqatlara görə dünya əhalisinin təxminən 1 faizi, yəni 70 milyon əhali autizm xəstəsidir. Qeyri-rəsmi statistikaya əsasən ölkəmizdə təxminən 5 minə yaxın uşaq və yeniyetmə autizm sindromundan əziyyət çəkir və onların sayı getdikcə artır. Ona görə də bu problemə diqqət ayrılması xüsusi əhəmiyyət kəsb edir.
Türkiyədən dəvət edilmiş uşaq nevroloqu Barış Ekici seminarda “Autizm və oyun” adlı təqdimatla çıxış edib. Təqdimatda autizmin səbəbləri, erkən dəyərləndirilməsi, onun aşkar edilməsi üsulları, uşaqların oyun zamanı davranışları, ana südü ilə qidalanmanın bu sahədə rolu, yaşla əlaqədar baş verən dəyişikliklər və s. barədə ətraflı məlumat verib.
Mövzu ilə əlaqədar müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Autizmli uşaqların ifasında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub.