AVARÇƏKMƏ ÜZRƏ III BEYNƏLXALQ MİNGƏÇEVİR REQATASI BAŞLANMIŞDIR
Mingəçevir, 14 noyabr (AZƏRTAC). Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən III beynəlxalq Mingəçevir reqatasına noyabrın 14-də start verilmişdir.
Mingəçevir şəhərindəki “Kür” Təlim-Tədris İdman Bazasında keçirilən yarışın açılış mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov çıxış etmişlər. Onlar son illər ölkəmizdə idman hərəkatının geniş vüsət almasından, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmanın inkişafı istiqamətindəki xidmətlərindən söz açmış, Azərbaycanda avarçəkmə idman növünün inkişafı üçün əməli tədbirlərin görülməsindən, təlim-məşq toplanışlarının, turnirlərin keçirilməsi üçün maddi-texniki bazanın yaradılmasından bəhs etmişlər. Qeyd olunmuşdur ki, görülən bu işlər sayəsində artıq ölkədə yüzlərlə yeniyetmə və gənc avarçəkmə idmanı ilə məşğul olur, beynəlxalq miqyaslı yarışlarda uğurla iştirak edir. Natiqlər hazırda Mingəçevirdə inşa edilən və MDB ölkələrində analoqu olmayan “Kür” Olimpiya Tədris-İdman Kompleksinin gələn il istifadəyə veriləcəyini bildirmişlər. Bakı və Şirvan şəhərlərində, Qəbələ rayonunda müasir avarçəkmə bazalarının yaradılması üçün mövcud əlverişli şəraitdən istifadə olunmasının vacibliyi vurğulanmışdır.
Akademik avarçəkmə üzrə on bir qat Azərbaycan çempionu, veteran idmançı Vladislav Şvetsov, Helsinki Yay Olimpiya Oyunlarının gümüş medalçısı, SSRİ idman ustası Yevgeni Samsonov, Rusiya Dövlət İdman Komitəsinin sabiq sədri, məşqçi Nikolay Rusak yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirmiş, qısa müddətdə Azərbaycanda avarçəkmə idmanının inkişaf etməsinə və uğurlar qazanılmasına sevindiklərini qeyd etmişlər. Qonaqlar vurğulamışlar ki, əlverişli coğrafi mövqeyə malik olan və Kür çayının sahilində yerləşən Mingəçevir şəhərində inşa olunan bu kompleks gələcəkdə dünya avarçəkənlərini Azərbaycana toplayacaqdır. Qonaqların ürəyincə olan əsas amil isə payız-qış aylarında Kür çayının donmaması və burada havanın mülayimliyi səbəbindən ilboyu yarışların və təlim-məşqlərin keçirilməsi üçün əlverişli şəraitin mövcudluğudur.
Məlumat verilmişdir ki, Azərbaycanda avarçəkmə idman növünün 50 illik yubileyinə təsadüf edən III beynəlxalq Mingəçevir reqatasında Azərbaycan, Gürcüstan, Bolqarıstan, Ukrayna və Moldova avarçəkənləri mükafatlar uğrunda mübarizə aparırlar. Akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə keçirilən yarışda ümumilikdə 160 yeniyetmə və gənc idmançı iştirak edir.
İkigünlük turniri ukraynalı mütəxəssis Mixail Syabronun rəhbərliyi ilə hakimlər briqadası idarə edir.