Avdı Qoşqarın 60 illik yubileyi qeyd edilib
Bakı, 31 may, Zərəngiz Mansurova, AZƏRTAC
Mayın 31-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair-publisist, telejurnalist Avdı Qoşqarın 60 illik yubileyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, “Ulduz” jurnalının baş redaktoru, Əməkdar Jurnalist Qulu Ağsəs yubilyarın yaradıcılığından və yenicə çapdan çıxmış “Gəlmişəm dünyanın dərdini çəkəm..” və “Bu çay bu yatağa sığmaz” kitablarından söhbət açıb. Bildirib ki, Avdı Qoşqarın ülvi hisslərlə dolu poeziyası kədərə köklənsə də, sirayətedici və mənalıdır.
Tədbirdə filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin kafedra müdiri Rüstəm Kamal, yazıçı-publisist Sadıq Elcanlı, şairlər Vaqif Bəhmənli, Əlisəmid Kür, Əli Rza Xələfli və başqaları A.Qoşqarı telejurnalist olmaqla yanaşı, pafosdan uzaq, səmimi yaradıcılığa malik, doğulduğu torpağını, ölkəsini sevən vətəndaş, zövqlü qələm sahibi kimi dəyərləndiriblər.
Qeyd edilib ki, Avdı Qoşqarın şeirlərində sətiraltı məzmun onun düşüncələri ilə həmahəngdir. Şair İncə Dərəsini, o yurdun insanlarının saflığını, təmizliyini tərənnüm edir. Onun əvvəlki “Çiçək açır qəm ağacı”, “Daş tərəzi” kitablarında olduğu kimi, iki yeni kitabında da şeirlər əlçatmaz arzulara söykənib, yaradıcı qəlbinin döyüntüləri poetik şəkildə ifadə olunub.
Tədbirdə bədii qiraət ustası, Xalq Artisti Eldost Bayram şairin şeirlərindən səsləndirib.
Sonda A.Qoşqar yeni şeirlərini oxuyub, öz imzası ilə kitablarını oxucularına təqdim edib.