SİYASƏT
AVİASİYA SAHƏSİNDƏ AZƏRBAYCAN-PAKİSTAN ƏMƏKDAŞLIĞI GENİŞLƏNİR
Azərbaycan Prezidenti Heydər Əliyevin xarici aviaşirkətlərin respublikaya cəlb edilməsinə və Azərbaycan ilə Pakistan arasında müntəzəm hava əlaqəsinin bərpa edilməsi tədbirlərinin yerinə yetirilməsinə dair qərarına uyğun olaraq, Pakistan Müdafiə Nazirliyinin aviasiya katibi Əbdur Rauf Çoudrinin başçılığı ilə bu ölkənin Mülki Aviasiya İdarəsinin nümayəndə heyəti Bakıda olmuşdur.
Nümayəndə heyətinin ölkəmizə səfəri “Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov ilə Pakistanın müdafiə katibi cənab Hamid Nəvaz Xan arasında 2002-ci il aprelin 16-da Bakıda keçirilmiş görüş zamanı əldə edilən razılaşmanın nəticəsidir. Müdafiə katibi Bakıya rəsmi səfər zamanı son illər respublikamızın mülki aviasiyası sahəsində böyük dəyişikliklər baş verdiyini vurğulayaraq, ölkələrimiz arasında müntəzəm hava yolunun açılmasına dair məsələni nəzərdən keçirməyi təklif etmişdi. Dövlət Konserninin rəhbərliyi “Pakistan İnternational Airlines” aviasiya şirkətinin Kəraçı-Bakı müntəzəm reysinin açılmasına Pakistan tərəfinin maraq göstərdiyini nəzərə alaraq, Bakıya səlahiyyətli nümayəndə heyəti göndərilməsini təklif etmişdi.
Qonaqlar “Azərbaycan Hava Yolları” Dövlət Konserni müəssisələri və xidmətlərinin fəaliyyəti ilə tanış olaraq, onların yüksək texniki təchizatını, lazımi xidmət səviyyəsini və Bakı hava limanında aviasiya təhlükəsizliyinin təmin olunmasında bütün bölmələrin işinin dəqiqliyini və etibarlılığını qeyd etmişlər.
Danışıqlar zamanı ölkələrimizin mülki aviasiya idarələri arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunmuşdur. Əldə edilmiş razılaşmalara uyğun olaraq, “Azərbaycan Respublikasının və Pakistan İslam Respublikasının aviasiya orqanları arasında qarşılıqlı anlaşma haqqında memorandum” imzalanmışdır.
“Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru bildirmişdir ki, bu memorandum ölkələrimiz arasında müntəzəm reyslərin həyata keçirilməsinə imkan verir və hər iki tərəfin aviaşirkətlərinin əməkdaşlığı üçün perspektivlər açır.