SİYASƏT
Aviqdor Liberman: Azərbaycan dünyada nadir tolerantlıq nümunəsidir
Bakı, 1 may ( AZƏRTAC, Ülviyyə Məmmədli). Azərbaycanda müxtəlif dinlərin və millətlərin nümayəndələri sülh, qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşayırlar. Əsrlər boyu Azərbaycanda yaşayan yəhudilər də bu ölkədə özlərini öz vətənlərindəki kimi hiss edirlər. Azərbaycan dünyada nadir tolerantlıq nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanda rəsmi səfərdə olan İsrail Dövlətinin xarici işlər naziri Aviqdor Liberman mayın 1-də keçirdiyi mətbuat konfransında demişdir.
Nazir Azərbaycan ilə İsrail arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirmişdir. A.Liberman qeyd etmişdir ki, səfər zamanı Bakıda keçirdiyi görüşlərdə ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələr aparılmışdır. Xüsusilə energetika, kənd təsərrüfatı sahələrində əməkdaşlığın gələcəkdə genişləndirilməsi imkanları diqqət mərkəzində olmuşdur.