Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
Pekin, 9 sentyabr, AZƏRTAC
Malayziyanın paytaxtı Kuala Lumpurdakı “Fairview” beynəlxalq məktəbində keçirilən “Harmoniya içində irs – mədəniyyətləri birlikdə qeyd edək” adlı “Beynəlxalq Mədəniyyətlərarası Gün” festivalında Azərbaycan təmsil olunub.
AZƏRTAC xəbər verir ki, festivalda Azərbaycanla yanaşı, Malayziya, Çin, Cənubi Koreya, Hindistan, Qazaxıstan, Türkmənistan, Filippin, Myanma kimi ölkələrin nümayəndələri də iştirak ediblər.
Övladları bu məktəbdə təhsil alan Azərbaycan icmasının üzvlərinin təşkilatçılığı və Azərbaycanın Malayziyadakı səfirliyinin dəstəyi ilə yaradılan milli guşədə ölkəmizin tarixini, mədəniyyətini, milli adət-ənənələrini və mətbəxini əks etdirən suvenirlər, kəlağayılar, təamlar və məhsullar nümayiş etdirilib.
Azərbaycan guşəsi ilə maraqlanan ziyarətçilərə ölkəmiz barədə ətraflı məlumat verilib, milli təamlara qonaq edilib.