Avqust ayında üzüm bağlarında mövsümi xəstəliklərə qarşı hansı tədbirlər görülməlidir? – fermerlərə tövsiyə
Gəncə, 12 avqust, Elcan Məmmədov, AZƏRTAC
Havaların kəskin istiləşməsi, arabir yağışların yağması üzüm bağlarında bəzi mövsümi xəstəliklərə qarşı qabaqlayıcı tədbirlərin görülməsini vacib edir. Havanın temperaturu 35-36 dərəcəyə çatanda avtomatik olaraq “mildium” xəstəliyinin sporları ölür və yerini “oidium” xəstəliyinə verir. Son dövrlər xüsusən də Tovuz bölgəsində sahələrdə müşahidə etdiyimiz ən çox xəstəliklərdən biri də “antraknoz”dur. Xəstəliyin qarşısının alınması və növbəti ilə keçməsinə mane olmaq üçün “Topsin”, “Strobi”, “Bordo” məhlulu kimi dərman preparatlarından istifadə olunmalıdır.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə Dövlət Aqrar Universitetinin dosenti Sevil Abduləliyeva avqust ayında üzüm bağlarında mövsümi xəstəliklərə qarşı görülməli tədbirlərdən danışarkən deyib.
Mütəxəssis bildirib ki, avqust ayında əsasən tez yetişən sortların dərimi, salxımın havalanması, yaxşı işıq qəbul edə bilməsi üçün seyrəldilmə prosesi aparılır.
“Aqrotexniki tədbirlərdən sonra mütləq “oidiuma” və salxımyarpaq bükəninə qarşı dərmanlanma işləri aparılmalıdır. Bu ərəfədə üzümdə tor gənəciyi, üzüm unlu yastıcası kimi zərərvericilərə də rast gəlinir. Ancaq ən əsas xəstəlik oidiumdur ki, onunla mübarizədə “Bordo” məhlulundan və “Tilt”, “İmpakt”, “Strobi”, “Bayleton”, “Topaz” kimi preparatlardan hektar normasına uyğun istifadə olunur,” - deyə S. Abduləliyeva qeyd edib.
“Oidium” xəstəliyi ziyanlıq təsirinə görə tənəyin ən qorxulu xəstəliyidir. El arasında siyala, unlu, tozanaq, külləmə adı ilə də tanınır. Xəstəlik zoğları, yarpaqları, çiçək qruplarını və gilələri məhv edir. Əsas xarici əlamətləri odur ki, xəstəliyə tutulmuş orqanlar kül rəngli, bəzən boz unlu təbəqə ilə örtülür. Xəstəliyə tutulmuş yarpaqlarda fotosintez prosesi pozulduğundan zoğlar zəifləyir, xəstəliyə yoluxmuş gilələr çatlayır, gilənin içərisindəki toxumlar aydın görünür, partlamış gilələr çürüyür və məhsuldarlıq aşağı düşür.
Mütəxəssis deyib ki, “oidium”a qarşı mübarizə sisteminin təkmilləşdirilməsinə, xəstəlik törədicisinin infeksiya ehtiyatının azalmasına yönəldilmiş tədqiqatlar vacibdir. Çünki, son vaxtlar xəstəliyin vurduğu ziyan çox artıb. Bunları əsas tutaraq məhsul yığılıb qurtardıqdan sonra “oidium”a qarşı bir neçə dəfə funqisidlərlə çiləmənin aparılması məqsədəuyğundur.