“Avro-2020”nin oyunlarına bilet satışı prosesində lotereya mərhələsinin cavabları açıqlanıb
Bakı, 4 fevral, AZƏRTAC
“Avro-2020”nin oyunlarına bilet almaq üçün UEFA-nın ötən il dekabrın 4-18-də lotereya sistemi vasitəsilə həyata keçirdiyi müraciət prosesində iştirak edənlərə yanvarın 31-dən etibarən müvafiq bildirişlərin göndərilməsinə başlanıb. Müraciətləri müsbət cavablandırılan iştirakçılar hesablarına daxil olaraq əvvəlcədən seçdikləri oyunlara göstərdikləri sayda biletləri əldə etmək üçün ödəniş etməlidirlər.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, ödəniş uğurla tamamlandıqdan sonra müraciət edənlərə e-maillə bildiriş göndəriləcək. Lotereyaya qatılaraq bilet üçün müraciət edənlər fevralın 7-də saat 17:00-dək ödəniş etməlidirlər. Bir hesabdan icazə verilən maksimum limiti keçməmək şərti ilə yenidən əlavə bilet almaq üçün euro2020.com/bakutickets keçidinə daxil olmaq və onlayn ödəniş yolu ilə biletləri birbaşa əldə etmək də mümkündür. Müraciətçilər özü də daxil olmaqla, hər oyuna maksimum 4 bilet ala bilər. Bir hesabdan alınan biletlər üçün oturacaqlar yan-yana bölüşdürülür. İki və daha çox hesabdan ümumilikdə 4-dən çox bilet alan müraciətçilər də bir-birinin hesablarındakı sifariş nömrəsindən istifadə etməklə oturacaqlarının yanaşı olması üçün müraciət edə bilər.
Oyunlara biletlər 3 kateqoriyada təqdim olunur. Birinci kateqoriya 125, ikinci kateqoriya 75, üçüncü kateqoriya 30 avro dəyərindədir. Fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan biletlər yerindən asılı olmayaraq, ən aşağı qiymətə satılan üçüncü kateqoriya biletlərlə eyni qiymətə - 30 avroya satılır və onları müşayiət edən bir nəfər üçün bilet pulsuz verilir.
Xatırladaq ki, futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları 12 şəhərdə - Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək. A qrupu çərçivəsində Uels-İsveçrə (13 iyun), Türkiyə-Uels (17 iyun), İsveçrə-Türkiyə (21 iyun) qarşılaşmaları, eləcə də dörddəbir final mərhələsinin bir görüşü (4 iyul) Bakı Olimpiya Stadionunda oynanılacaq.