Avropa çempionatının ilkin seçmə mərhələsində uğurla çıxış edən futbolçularımız Vətənə qayıdıblar
Bakı, 21 sentyabr, AZƏRTAC
Uelsın Flintshire şəhərində təşkil olunmuş futbol üzrə Avropa çempionatının ilkin seçmə mərhələsində keçirdiyi bütün oyunları qələbə ilə başa vuraraq növbəti mərhələyə qrup lideri kimi vəsiqə qazanmış 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası sentyabrın 21-də Bakıya qayıdıb.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, hava limanında yığmamızı futbol ictimaiyyətinin nümayəndələri, azarkeşlər və mətbuat təmsilçiləri qarşılayıblar.
Xatırladaq ki, futbolçularımız ilkin seçmə mərhələnin ilk oyununda Uels yığmasına 4:1, ikinci qarşılaşmada Belçika komandasına 3:0, son matçda isə Xorvatiya yığmasına 2:1 hesabı ilə qalib gəlib.